“İlk dəfədir ki, bu cür halla üzləşirəm, acınacaqlı vəziyyətdir” – MÜSAHİBƏ
26.01.2010 - 00:52
“İlk dəfədir ki, bu cür halla üzləşirəm, acınacaqlı vəziyyətdir” – MÜSAHİBƏ
İcarə əsasında “Karvan”da oynayan “İnter” klubunun futbolçusu Xaqani Məmmədovun müsahibəsi

- “Karvan”a keçidin barədə nə deyə bilərsən?
- Təklif gözlənilməz oldu. İcarə əsasında mövsümün sonuna qədər bu komandanın formasını geyinəcəyəm. Hadisələrin sonrakı axarına yayda aydınlıq gətiriləcək.

- Yeni komandanda vəziyyət necədir? Şərtlər səni qane edirmi?
- Əlbəttə, qane edir. Hazırda məni maraqlandıran əsas heyətdə meydana çıxmaqdır. Fasilədən maksimum istifadə edib, özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. Şərait normaldır. Futbolçu üçün, futbol oynamaq üçün lazım olan şərait yaradılıb.

- Yevlax təmsilçisinin aşağı pillədə qərarlaşması ab-havaya necə təsir göstərib?
- Yeni olduğuma görə nəsə deyə bilmərəm. Heyətdə gənc və perspektivli uşaqlar, eləcə də komandaya kömək edə biləcək legionerlər var. Yəni komanda heyət baxımından heç də zəif deyil. Sadəcə, “Karvan”ın fasiləyə turnir cədvəlinin son pilləsində yollanmasının səbəbini izah edə bilmirəm. İnşallah, fasilədən sonra komanda yaxşı nəticə əldə etməklə turnir cədvəlindəki mövqeyini düzəldəcək.

- Əksər hallarda iddialı komandalarda çıxış etmisən. Autsayderin düşərgəsinə yollanmaq psixoloji cəhətdən sənə necə təsir göstərib?
- İndiki məqamda iddialı və ya zəif komandada çıxış etməyimin heç bir fərqi yoxdur. Çünki xeyli vaxtdır oynamıram. Ona görə də ideal formada deyiləm. “Karvan” turnir cədvəlinin sonuncu pilləsində məskunlaşsa da, pis komanda deyil. Burada oyun təcrübəmi, eləcə də fiziki hazırlığımı bərpa etməyə çalışacağam. İndi məni maraqlandıran əsas məsələ budur.

- Necə düşünürsən, çoxmu geriləmisən?
- Əlbəttə, geriləmə var. Bir ilə yaxındır ki, əsas heyətdə mütəmadi oynamıram. Meydanda çox az olmuşam. Bu da oyun təcrübəsinə, eləcə də fiziki hazırlığa mənfi təsir göstərib. Demək olar, yox dərəcəsindədir. Fasilədən istifadə edib, həm fiziki hazırlığımı yüksəldəcəyəm, həm də yoldaşlıq oyunlarında meydana çıxacağam ki, oyun təcrübəmi bərpa edim. Bir sözlə, məni ağır məşqlər gözləyir. Ancaq bunlar məni ruhdan salmır. Bilirəm ki, əvvəlki formamı bərpa etmək özümdən asılıdır.

- “Karvan” hücum xəttini gücləndirmək üçün Zaur Ramazanovu da heyətinə qatıb. Müxtəlif illərdə ölkə çempionatının bombardirləri olmuş Xaqani-Zaur tandemi Yevlax təmsilçisinin hücumdakı “dişsizliyi”ni yoluna qoya biləcəkmi?
- Zaur də təcrübəli futbolçudur. Qeyd etdiyiniz kimi, Azərbaycan çempionatının bombardiri olub. Hələlik o da əvvəlki formasından uzaqdır. Çünki Ramazanov, demək olar, 6-7 aydır meydana çıxmır. Tədricən bu problemlər yoluna qoyulacaq. Biz vuracağımızı qollarla var olduğumuzu sübut etməyə çalışacağıq. İnşallah, fasilədən sonra azarkeşlər fərqli “Karvan” görəcəklər.

- Yeni transferlər komandaya xeyir verə biləcəkmi?
- Biz formamızı bərpa etməklə yanaşı, həm də “Karvan”a kömək etmək istəyirik. Əlbəttə, komandanın uğur qazanması üçün təcrübəmizdən də maksimum faydalanmağa çalışacağıq. Fasilədə edilən transferlərin “Karvan”a kömək edə biləcəyinə inanıram.

- “İnter”dən niyə ayrıldın? Baş məşqçi səni niyə oynatmırdı?
- Kaxaber Sxadadze ilə bu haqda dəfələrlə söhbətimiz olub. Sadəcə, baş məşqçi yayda heyətə legionerlər dəvət edib. İndi onları oynadır.

- Gələnlər yerli futbolçulardan üstündürlərmi?
- Adətən legioner yerlidən ən azı bir baş üstün olmalıdır. Ancaq mən bu məsələdə heç bir üstünlük görməmişəm.

- Maraqlıdır ki, yayda təlim-məşq toplanışı zamanı keçirilən yoldaşlıq oyunlarında Sxadadze sənə daim əsas heyətdə yer verirdi. Lakin çempionat oyunlarında, demək olar, meydana çıxmadın...
- Düzdür, yoldaşlıq oyunlarında çox oynadım. Ancaq 1-2 turdan sonra komandaya yeni hücumçu transfer olundu. Onun gəlişindən sonra baş məşqçi mənim əvəzimə əcnəbi hücumçuya oynamaq şansı yaratdı. Nəticədə ehtiyatda qaldım.

- Ayrıldığını qətiləşdirdikdən sonra baş məşqçi ilə görüşün olubmu?
- Xeyr. “Karvan”ın təklifini qəbul etdikdən sonra klubun direktoru ilə görüşdüm. Ancaq baş məşqçi ilə heç bir söhbətim olmayıb.

- Bəs “İnter”lə müqavilənin müddəti nə vaxt başa çatır?
- Mövsümün sonuna qədər “Karvan”ın uğurları üçün tər tökəcəm. “İnter”lə müqaviləm isə 2011-ci ildə başa catacaq.

- Başqa klublardan təklif var idimi?
- Var idi, lakin konkret deyildi. Bir neçə klub var idi ki, söhbət əsnasında xidmətimdə maraqlı olduqlarını demişdlər. “Karvan” isə konkret təklif irəli sürdü və anlaşdıq.

- Özünün getmək istədiyin klub necə, oldumu?
- Belə klub var idi. Onlardan təklif gəlmədi. Bu da baş məşqçinin seçimi ilə bağlıdır və qərara hörmətlə yanaşmaq lazımdır.

- Premyer Liqanın arxada qalan hissəsi barədə nə deyə bilərsən?
- Birinci mərhələnin başa çatmasına cəmi 5 tur qalıb. Əlbəttə, mənim üçün uğursuz keçdi. Cəmi bir dəfə, kubok oyununda 20 dəqiqə meydanda oldum. Ancaq çempionat oyunlarının heç birində baş məşqçi şans vermədi. İlk dəfədir ki, bu cür halla üzləşirəm, acınacaqlı vəziyyətdir.

- “İnter”in fasiləyə lider kimi yollanacağı gözlənilən idimi?
- “İnter” güclü komandadır. Ona görə onların lider olması gözlənilən idi. “Qarabağ , “Xəzər-Lənkəran”, “Bakı”, “Neftçi” kimi komandaları da zəif hesab etmirəm. Sadəcə, “İnter” daha güclü olduğuna görə, liderliyə yüksəldi.

- Səncə, “altılıq”da hansı komandalar yer alacaq?
- Yuxarıda adlarını qeyd etdiyim komandaların mükafatlar uğrunda mübarizə aparacağına inanıram. Digər vəsiqənin sahibi isə “Simurq” və “Qəbələ”dən biri olacaq.

- “İnter”in “qızıl xal” ehtiyatı azdır. Bunun səbəbi nədir?
- Konkret nəsə deyə bilmərəm.

- Qardaşın Füzuli də “Karvan”a keçdi. Onunla bir komandada oynamağının üstünlüyü olacaqmı?
- Onunla əvvəllər də bir komandada oynamışam. Məsələn, “ANS Pivani”də, eləcə də İranda bir kollektivdə yer almışdıq. Füzulinin “Karvan”da olması mənim üçün üstünlükdür. Ən azı bir-birimizə mənəvi dəstək olacağıq.

- Şər deməsən, xeyir gəlməz. Birdən “Karvan”da da işlərin istədiyin kimi getmədi. Onda karyeranı bitirəcəksənmi?
- Bunu Allah bilər. Hələ 2-3 il oynamaq istəyirəm.

- “Karvan”ın hazırkı heyətini güclü hesab etmək olarmı?
- Komanda yeni yığılıb. Birdən-birə nəsə edəcəyini demək olmaz. Ancaq adaptasiya başa çatdıqdan sonra komanda sözünü deyəcək və layiq olduğu yerlərdən birini tutacaq. Baş məşqçi Yunis Hüseynov gənclərlə təcrübəlilərin vəhdətini yaradıb.

Mənbə: “Futbol dünyası” qəzeti
0