Ukraynalı məşqçi: Oyunçularımız indi uşaq kimi ağlayırlar
26.01.2010 - 02:17
Ukraynalı məşqçi: Oyunçularımız indi uşaq kimi ağlayırlar
“Bizim oyunçuların çoxu paltardəyişmə otağında uşaq kimi ağlayırlar. Mən onları başa düşürəm. Bu, idmançı həyatıdır, kimsə uduzmalı idi. Həyat davam edir, dünya çempionatına hazırlaşırıq”. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bunu Ukrayna futzal yığmasının baş məşqçisi Qennadi Lisençuk deyib.

63 yaşlı mütəxəssisin rəhbərlik etdiyi kollektiv Avropa çempionatının 1/4 finalında Azərbaycan milli komandasına uduzub. Lisençuk oyundan sonra keçirilən mətbuat konfransında yetirmələrinin qol epizodundan yararlana bilməməsindən narazılıq edib: “Bu gün biz uduzmamalı idik. Elə epizodlar olurdu ki, top qapıya düşməli idi, ancaq dirəyin yanından keçirdi. Mənə xüsusilə qapımıza vurulan üçüncü qol ağır gəlir. Çünki həmin epizodda rəqib futzalçı qapıçımızın üz nahiyəsinə zərbə endirmişdi. Məhz qapıçımızın zədələnməsindən dərhal sonra yerinə yetirilən cərimə zərbəsi qol oldu. Buna baxmayaraq, Azərbaycanı ilk dəfə Avropa çempionatının yarımfinalına yüksəlməsi münasibətilə təbrik edirəm”.

Lisençuk penaltiləri vura bilmədiklərinə görə də təəssüfünü gizlətməyib: “Bu gün 1 saatlıq məşqin yarım saatını penaltilərə həsr etmişdik. Hər kəs 10 zərbədən 10-nu da vururdu. Lakin matçdan sonra yetirmələrim oyundakı qol epizodlarını vura bilmədiklərinə, yorğunluğa və rəqib qapıçının yaxşı oyununa görə, şansdan istifadə edə bilmədilər”.

Qeyd edək ki, yığmamız Ukrayna komandasını penaltilər seriyasında (4:2) üstələyib.
0