“Yarımfinal bizim üçün daha asan olacaq”
26.01.2010 - 05:08
“Yarımfinal bizim üçün daha asan olacaq”
“Qələbəyə görə çox sevinirəm. Biz Azərbaycan, o cümlədən özümüz üçün oynadıq. Əsas odur ki, hər şeyi ürəkdən edirdik ”. Bu sözləri apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbiri ilə söhbətində Azərbaycan futzal yığmasının qapıçısı Andrey Tveryankin deyib.

Macarıstanda keçirilən Avropa çempionatının 1/4 finalında milli komandamızın Ukrayna üzərində qazandığı qələbədə Tveryankinin də böyük rolu olub. 43 yaşlı rusiyalı qapıçı oyunsonrası penaltilər seriyasında rəqibin iki zərbəsini qaytarıb. O, yanvarın 28-də keçiriləcək yarımfinalda daha yaxşı çıxış edəcəyimizi düşünür: “Fikrimcə, yarımfinal matçı daha asan keçəcək. Çünki 1/4 finalda uduzan komanda turnirlə vidalaşırdı. Bu amil istər-istəməz psixoloji gərginlik yaradırdı. Bundan sonra isə istənilən halda, iki matç keçirməliyik. Yəni, qarşıdakı görüşə rahat çıxacağıq. Hələ Macarıstana gələndə demişdim ki, geriyə medalla qayıda bilərik. İndi bu arzumuzun reallaşmasına 1 oyun qalıb”.
0