Sabiq “Beşiktaş”lı Eto’O-nu diz çökdürdü
26.01.2010 - 10:55
Sabiq “Beşiktaş”lı Eto’O-nu diz çökdürdü
Anqolada keçirilən Afrika Millətlər Kubokunda bütün yarımfinalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Qana və Əlcəzairin ardınca Misir və Nigeriya yığmaları da 1/2 final iştirakçıları olub.

Misirlilər Samuel Eto’O-nin kapitanı olduğu Kamerun yığması ilə görüşdə çətin qələbə qazanıb – 3:1. Oyunun qəhrəmanı isə “Piramidalar ölkəsi”nin yığmasının lideri Əhməd Hassan olub. 35 yaşlı sabiq “Beşiktaş”lı görüşdə vurulan 4 qoldan 3-nün müəllifi olub. 27-ci dəqiqədə qapıları səhv alan Əhməd cəmi 11 dəqiqə sonra xətasını düzəldərək, hesabı bərabərləşdirib. 90 dəqiqədə qalib müəyyənləşmədiyindən əlavə vaxt təyin edilib. 92-ci dəqiqədə Naqi, bundan 3 dəqiqə sonra Hassan vurduğu qollarla Misiri yarımfinala çıxarıb. Göründüyü kimi, Anqolanı vaxtından əvvəl tərk etməli olan Eto’O və onun komanda yoldaşları 1/4 finalda qol da vura bilməyib.

Sonuncu yarımfinalçını da 90 dəqiqədə müəyyənləşdirmək mümkün olmayıb. Söhbət Zambiya və Nigeriya yığmalarının görüşündən gedir - həmin matçda nə əsas, nə də əlavə vaxtda hesab açılıb. Oyun sonrası penalti zərbələrini daha dəqiq yerinə yetirən nigeriyalılar 5:4 hesablı qələbə qazanıb.

Qeyd edək ki, yanvarın 28-də yarımfinalda Qana – Nigeriya, Əlcəzair – Misir oyunları keçiriləcək. Sonuncu cüt 2010-cu il dünya çempionatının final mərhələsinə çıxmaq uğrunda pley-off mərhələsində də görüşmüşdü. Həmin vaxt qalib olan Əlcəzair Qana və Nigeriya kimi bu il Cənubi Afrika Respublikasında keçiriləcək mundialda iştirak etmək hüququ qazanıb.
0