Milli komandanın futbolçusu tualetdə güllələndi
26.01.2010 - 11:10
Milli komandanın futbolçusu tualetdə güllələndi
Paraqvay milli komandasının futbolçusu Salvador Kabanyas başından güllə yarası alıb. Apasport.az saytımın məlumatına görə, Meksikanın “Amerika” klubunda çıxış edən 29 yaşlı hücumçu Mexikoda məşhur barların birində silahlı hücuma məruz qalıb.

Kabanyasın sözlərinə görə, həyat yoldaşı ilə birgə istirahət etdiyi barı tərk etməyə hazırlaşdığı zamanı tualetə getməyi qərara alıb və həmin vaxt da atışma olub. Nəticədə açılan atəş futbolçunun ağır xəsarət alması ilə nəticələnib. Ötən gecə onun üzərində əməliyyat aparılsa da, həkimlər gülləni başından çıxara bilməyib. Hazırda reanimasiyada olan Salvadorun vəziyyəti ağır qiymətləndirilir.

Hücumun motivi hələ də müəyyənləşməyib. Polis soyğunçuluq versiyasını yaxına buraxmır. Çünki futbolçunun pulları və şəxsi əşyaları yerində qalıb. Baş prokuror Mexiko Anxel Mansera bildirib ki, silahlı basqında şübhəli bilinən iki nəfər tutulub. Bundan əlavə, polis daha dörd şahidi dindirir. Bunlar barın iki mühafizəçisi, menecer və Kabanyasın ögey qardaşıdır. O da həmin vaxt futbolçu və xanımı ilə birgə barda olub.

Qeyd edək ki, Paraqvayın dahi futbolçularından sayılan Kabanyas lideri olduğu milli komandasında 44 oyuna 10 qol vurub. O, son üç ildə daim Latın Amerikasının simvolik yığmasına düşüb. Salvador 2007-ci ildə Cənubi Amerikanın ən yaxşı futbolçusu seçilib ki, vaxtilə Pele, Dieqo Maradona, Ziko, Romario, Mario Kempes kimi futbolçular da bu uğura nail olub.
0