Çerçesov: Azərbaycan yığmasında işləmək mənim üçün maraqlı olardı
26.01.2010 - 11:49
Çerçesov: Azərbaycan yığmasında işləmək mənim üçün maraqlı olardı
Moskvanın “Spartak” klubunun sabiq baş məşqçisi Stanislav Çerçesov Azərbaycandan aldığı təklifi dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, il yarımdır işsiz olan 47 yaşlı rus mütəxəssis milli komandamızda işləmək variantını maraqlı adlandırıb: “Real üç təklifim olub. “Alaniya” klubumda işləmək mənim üçün maraqlı idi. Osetiya vətənimdir və bu klubu çalışdırmaq mənim üçün böyük şərəfdir. Həmçinin Azərbaycan yığması ilə bağlı variant var idi. Daha bir klub xidmətini təklif etdi. Gəlin adsız keçinək. Bu variantlar həqiqətən də mənim üçün maraqlı idi. Öz-özümə deyirdim ki, bəli, bu işin qulpundan yapışa bilərəm. Qalan hamısı mənə elə də lazım olmayanlardır. Ancaq bununla belə, heç bir təklifi diqqətdən kənarda saxlamırdım. Potensial işverənlərin səviyyəsindən asılı olmayaraq, həmişə insanlarla görüşür, söhbətləşirdim. Yadımdadır, Avstriyada “Tirol”a gəldiyim zamanı bu klubun heç bir perspektivi yox idi. Heç bir! Ancaq biz üç dəfə çempion olduq. Ona görə də istənilən danışıq həyata keçə bilər”.

Qeyd edək ki, 2008-ci ilin ortasında “Spartak”dan istefaya göndərilən Çerçesov milli komandamızda baş məşqçi postunda Berti Foqtsu əvəzləmək istəsə də, AFFA alman mütəxəssislə əməkdaşlığı davam etdirməyi üstün tutdu.
0