Zidan və Ronaldonun dostları xeyriyyə matçında qalib gələ bilmədi - FOTO
26.01.2010 - 17:52
Zidan və Ronaldonun dostları xeyriyyə matçında qalib gələ bilmədi - FOTO
Haitidəki zəlzələ qurbanlarına kömək məqsədilə Portuqaliyanın paytaxtı Lissabonda Zinəddin Zidan və Ronaldonun dostları ilə “Benfika”nın ulduz futbolçuları arasında xeyriyyə matçı keçirilib. Lent.az-ın məlumatına görə, “Eştadiu da Luş” stadionunda təşkil olunan oyunu 50 minədək tamaşaçı izləyib.

Topa ilk zərbəni əfsanəvi portuqaliyalı Eysebio vurub. Qarşılaşmanı məşhur italiyalı hakim Pyerluici Kollina idarə edib. Görüş 3:3 hesablı heç-heçə ilə nəticələnib. Zidan və Ronaldonun dostları komandasının qollarını Kaka, Rober Pires və Fukia vurub. “Benfika”dan isə Nunu Qomeş (2 top) və Eder Luiş fərqlənib.

Birincilərin heyətində Fabyen Bartez, Edqar Davids, Luiş Fiqu, Tyerri Anri, Patrik Klüvert, Fernando Yerro, George Popesku, George Hacı, Pavel Nedved, ikincilərin tərkibində isə Ruy Koşta, Abel Şavyer, Karel Poborski, Xavyer Saviola kimi ulduzlar da çıxış edib. Bilet və teleyayımdan əldə olunan bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yönəldiləcək.
0