Mahmud Qurbanov: Moskvadakı uğursuzluğu unutmalıyıq
26.01.2010 - 17:39
Mahmud Qurbanov: Moskvadakı uğursuzluğu unutmalıyıq
“Sözsüz ki, “Birlik kuboku”nda hamı bizdən qələbə gözləyirdi. Təəssüf ki, etimadı doğrulda bilmədik. Amma həyat davam edir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın futbolçusu Mahmud Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.

Azərbaycanın ən titullu futbolçusu olan 37 yaşlı yarımmüdafiəçi mükafat kolleksiyasında çatışmayan “Birlik kuboku”nu qazanmaq üçün Moskvaya yollansa da, komanda üzvləri kimi əliboş dönüb.

“Bakı”nın mübarizəni qrup mərhələsində dayandırması ruh düşkünlüyünə səbəb olsa da, Mahmud bunu tezliklə unutmağın vacibliyindən danışıb: “Əsas diqqətimizi çempionata və kubok oyunlarına cəmləməliyik. Məncə, hər iki turnirdə uğurla çıxış etmək üçün yaxşı şansımız var. Sadəcə, buraxılmış səhvləri düzgün təhlil edib, bütün oyunlara qələbə əzmi ilə çıxmalıyıq”.

Qeyd edək ki, Mahmud 10 dəfə Azərbaycan çempionu olmaqla mütləq rekordçudur.
0