Branimir Subaşiç İsraildən üz çevirib, Türkiyə klubu ilə müqavilə bağlayır
26.01.2010 - 18:07
Branimir Subaşiç İsraildən üz çevirib, Türkiyə klubu ilə müqavilə bağlayır
“Müqavilə ilə məxsus olduğum Belqradın “Srvena Zvezda” klubunda hazırlığımı davam etdirirəm. Ancaq karyeramı böyük ehtimalla Türkiyəyə davam etdirəcəyəm. Hələ ki adını açıqlamaq istəmədiyim Superliqa klubu ilə müqavilə bağlamağa yaxınam”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiç deyib.

Yaxınlarda Avstriyanın “Austriya” klubunun maraq dairəsinə düşən 28 yaşlı serb hücumçu bu ölkəyə yox, Türkiyəyə səfərə hazırlaşır. Onun sözlərinə görə, keçidi bu günlərdə müsbət həll olunmalıdır: “Hazırda agentim həmin klubun prezidenti ilə danışıqlar aparır. Burada transfer, birbaşa müqavilə ilə bağlı məsələlər müzakirə olunur. Artıq sabah rəsmi anlaşma imzalamaq üçün Türkiyəyə gedə bilərəm. İndi bu ölkədən cavab gözləyirəm. Həmin klub “Srvena Zvezda” ilə gələn ilə kimə müqaviləmin olduğunu bilir və məni birdəfəlik almaq üçün müəyyən məbləği ödəməyə hazırdır. Türklər oyunumu hələ Azərbaycan milli komandasından görərək bəyəniblər. Ancaq israr etməyin, indi komandanın adını deyə bilmərəm. Qoy məsələ tam həll olunsun, sonra”.

İsrailin yüksək liqasında da variantı olan Branimir seçimdə Türkiyəyə üstünlük vermək fikrindədir: “İsrail komandasının baş məşqçisi də xidmətimdə maraqlıdır. Ancaq transfer məsələmdə tələsmirlər. Mən isə təcili özümə yeni klub tapmalıyam. Avropada transfer pəncərəsi bu həftəsonu bağlanacağı üçün vaxt itirə bilmərəm. İsraillilər deyib ki, çempionatdakı oyundan sonra məsələnə baxarıq. Hətta İsrailə gəlməyimi istəyiblər. Bütün bunlar isə mənə sərf etmir. Elə klubum da məsələ həll olunmamış məni buraxmaq fikrində deyil. Ona görə israillilərə demişəm ki, Superliqa təmsilçisi ilə danışıqlar aparıram, gözləyə bilmərəm. Bir-iki günə müqavilə bağlayandan sonra artıq sizin variant arxa plana keçəcək”.

Branimir İsrail təmsilçinin də adını açıqlamasa da, onun Təl-Əviv “Hapoel”i olduğunu öyrənə bildik. Bu komanda dünən çempionatın son turunda səfərdə həmşəhərliləri “Makkabi” ilə qolsuz heç-heçə edib. “Hapoel” Avroliqanın 1/16 finalında Rusiyanın ikiqat çempionu “Rubin” klubu ilə görüşəcək.
0