Milli komandamız yarımfinalda Portuqaliya ilə qarşılaşacaq
27.01.2010 - 00:04
Milli komandamız  yarımfinalda Portuqaliya ilə qarşılaşacaq
Macarıstanda keçirilən futzal üzrə Avropa çempionatında Azərbaycan yığmasının yarımfinaldakı rəqibi müəyyənləşib. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, həmyerlilərimiz növbəti oyunu Portuqaliya komandasına qarşı keçirəcəklər.

Pireney yarımadası təmsilçiləri bu gün 1/4 finalda Serbiyanı məğlub ediblər - 5:1. Bu, portuqalların turnirdə ilk qələbəsi olub. Məsələ burasındadır ki, onlar qrup mərhələsində Belarusla heç-heçə (5:5) oynadıqdan sonra İspaniyaya 1:6 hesabı ilə uduzmuşdular. Nəticədə top fərqinin daha yaxşı nisbətinə görə Belarusu üstələyərək, pley-offa yüksəlmişdilər. Milli komandamız Portuqaliya yığmasını yanvarın 28-də Bakı vaxtı ilə saat 20:30-da Debretsenin “Foniks” İdman Sarayında sınağa çəkəcək.

Qeyd edək ki, yığmamız seçmə mərhələdə məhz Portuqaliya ilə 3:3 hesablı oyundan sonra Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışdı.
0