Yığmamızın rəqibləri final arzusunda
27.01.2010 - 11:17
Yığmamızın rəqibləri final arzusunda
Portuqaliya milli komandasının baş məşqçisi Orlando Duarte yetirmələrinin futzal üzrə Avropa çempionatının final oyununa çıxmasını arzulayır. Apasport.az saytının məlumatına görə, Macarıstanda keçirilən qitə birinciliyinin yarımfinal oyununda Azərbaycan yığması ilə görüşəcək pireneylilərin çalışdırıcısı bu qədər irəliləməkdən də məmnundur.

1/4 finalda Serbiyanı 5:1 hesabı ilə məğlub edən komandasının öz oyununu tapmasına sevinən mütəxəssis iddialarının böyük olduğunu açıqlayıb: “Budapeşti gəzməyə çıxmışdım. Gəzintidən çox razı qaldım. Lakin komandamızın oyunu məni daha çox razı saldı. Sanki qrupda keçirdiyimiz ilk iki oyun isinmə xarakteri daşıyırdı. 1/4 finala çıxmaqda bəxtimiz gətirdi. Lakin indi hər şey özümüzdən asılıdır. Biz vətənə yanvarın 31-də qayıdacağıq. Və çox istəyirik ki, Macarıstanı tərk etməzdən əvvəl finalda oynayaq”.

Qeyd edək ki, qrup mərhələsində Belarusla heç-heçə (5:5) edib ispanlara uduzan (1:6) portuqaliyalılar yalnız qonşularının slavyanlara daha çox qol vurmasına (9:1) görə 1/4 finala çıxmışdı.
0