Azərbaycanlı futbolçu qitədə üçüncüdür
27.01.2010 - 11:29
Azərbaycanlı futbolçu qitədə üçüncüdür
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən populyar futbolçularının siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, azarkeşlərin səsverməsi ilə keçirilən sorğunun nəticələrinə əsasən Honduras yığmasının futbolçusu Karlos Alberto Pavon planetin ən məşhur oyunçusu seçilib. Onun pərəstişkarlarının sayı 195 min 182 nəfər olub. “Xəzər-Lənkəran”ın hücumçusu Allan Lalinin həm yığma, həm də Hondurasın “Real Espana” klubundakı sabiq oyundaşı ən yaxın izləyicisini böyük fərqlə arxada qoyub.

Ümumi siyahıda ikinci olan Arda Turan cəmi 91887 səs toplayıb. Türkiyə yığmasının və “Qalatasaray”ın ulduzu Avropanın ən populyar futbolçusu olub. Üçüncü yeri isə Misir millisinin və “Əl-Əhli” klubunun oyunçusu Məhəmməd Abutreyka tutub – 84470 səs. Digər Türkiyə təmsilçisi Sərcan Yıldırım 21-ci pillədə qərarlaşıb. “Bursaspor”lu hücumçu 10985 səs toplayıb.

115 futbolçunun daxil olduğu siyahıda Azərbaycan təmsilçisi yer almasa da, soydaşlarımız arasında fərqlənən olub. İran yığmasının və “Stil Əzin” klubunun milliyyətcə azərbaycanlı olan futbolçusu Əli Kərimi dünyanın 11-ci oyunçusu seçilib. Sorğuda 17905 azarkeşin səsini toplayan iranlı ölkəsində 1-ci, Asiya qitəsində 3-cü yeri tutub.
0