“Portuqaliya ilə oyunda hər şey mümkündür”
28.01.2010 - 11:00
“Portuqaliya ilə oyunda hər şey mümkündür”
“Avropa çempionatının final mərhələsində qarşımıza qrup səddini aşmaq vəzifəsi qoyulmuşdu. Lakin indi finalda oynamaq iddiasındayıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının oyunçusu Rizvan Fərzəliyev deyib.

Macarıstanda keçirilən Avropa çempionatının bu gün keçiriləcək yarımfinal oyununda Portuqaliya ilə qarşılaşacaq yığmamızın üzvü oyun haqda fikirlərini açıqlayıb: “Rəqibimiz olan Portuqaliya yığmasının oyun üslubu bizə tanışdır. Onların imkanlarına bələdik. Portuqaliya yığması çox güclü komandadır. Biz onlarla əvvəl də qarşılaşmışıq. Bu matçda hər şey mümkündür”.

Azərbaycan yığması UEFA-nın 14 nəfərlik iştirak ərizəsinə 12 oyunçu daxil edib. İndi braziliyalı Alvesin zədəli olduğu vaxtda bu çatışmazlıq müəyyən rol oynaya bilərdi. Lakin təcrübəli futzalçının fikrincə, heyətdəki itki o qədər də ciddi deyil: “Alvesi təcrübəli komanda yoldaşları layiqincə əvəz edə bilər. Rəcəb Fərəczadə də, Namiq Məmmədkərimov da, Sergey Çuykov da meydana çıxmağa hazırdır. Lakin hər şey baş məşqçinin qərarından asılıdır. Məmmədkərimov finalda meydana çıxıb parlaq oyun da göstərə bilər”.

Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan – Portuqaliya matçı saat 20:30-da başlayacaq.
0