Milli komandamız ruslara 1 milyon dollar qazandırdı
28.01.2010 - 12:01
Milli komandamız ruslara 1 milyon dollar qazandırdı
Azərbaycan milli komandası ruslara 1 milyon dollar qazanmağa imkan yaradıb. Apasport.az saytının məlumatına görə, milli komandamızın ötən seçmə mərhələdə Rusiya yığması ilə Moskvada keçirdiyi rəsmi oyunda (0:2) “Lujniki” stadionunun tam dolması şimal qonşularımızı maddi baxımdan da fayda verib. 70 min nəfərin arenadan izlədiyi həmin görüş rusların ən çox azarkeş toplaşdığı ev oyunlarından biri kimi tarixə düşüb. Həmin oyun zamanı Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko sonradan istefa verdi və hazırda ölkəsinin idman naziridir.

Milli komandalarına baş məşqçi təyin etdiyi holland Qus Hiddinkin işindən çox razı olan Mutko milli komandamızla ötən ilin martın 28-də keçirdikləri ev oyununa da toxunub: “Hiddink öz işini gördü, Rusiya futbolunu müəyyən dərəcədə dəyişdi. O, bizə özünəinam verdi, komandanı reytinqdə qaldırdı, xaricdə yığmamıza münasibəti dəyişdi. Artıq Azərbaycan yığması ilə oyunda stadionu tam doldururuq. Yeri gəlmişkən, ötən il biz ilk dəfə tamaşaçı sayı hesabına, demək olar, 1 milyon dollar qazandıq. Bu, Rusiya Futbol İttifaqına ili 56 milyon rubl gəlirlə başa vurmağa imkan yaratdı”.

Qeyd edək ki, ötən ilin oktyabrın 14-də Bakıda 1:1 hesabı ilə nəticələn Azərbaycan – Rusiya oyunu Tofiq Bəhramov adına Respublika stadionunu da doldurdu.
0