Moldova yığmasının hücumçusu “Bakı”da! - FOTO
28.01.2010 - 12:10
Moldova yığmasının hücumçusu “Bakı”da! - FOTO
Moldova milli komandasının futbolçusu Vyaçeslav Sofroni “Bakı” klubunun düşərgəsində yer alıb. Bu haqda apasport.az saytına klubun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib.

Z.Məmmədov 26 yaşlı moldovalı hücumçunu baxışa çağırdıqlarını bildirib. “Zimbru” klubundan gələn Sofroni Kişinyovun digər təmsilçilərindən “Politexnika” və “MOİK-Styaua”da da oynayıb. “Xəzər-Lənkəran”ın ötən yay transfer etdiyi hücumçu Denis Kalinkovla vaxtilə Moldovada komanda yoldaşı olan Vyaçeslav ölkə kənarında da çıxış edib. Belə ki, 1,82 metr boya malik hücumçu Qazaxıstanda “İrtış”, “Atırau”, Litvada “Vetra” klubunda oynayıb. Ötən ildən milli komandasına cəlb olunan Sofroni 4 oyuna 2 qol vurub.

Məmmədov xeyli vaxtdır maraqlandıqları afrikalı futbolçunun yolunu gözlədiklərini də söyləyib: “Həmin keniyalı hücumçu bu gün gəlir. Əslində oyununu görüb bəyəndiyimiz bu legionerin xidmətindən daha əvvəl istifadə etmək istəyirdik. Ancaq viza probleminə görə Antalyadakı təlim-məşq toplanışımıza gələ bilmədi. Türkiyədə afrikalılarla bağlı problem olduğundan, onu ora buraxmadılar. Moskvada çıxış etdiyimiz “Birlik kuboku”nda isə adının iştirak ərizəsində daxil edilməsinə icazə verilmədi. Artıq sənəd problemi olmayan keniyalını götürmək istəyirik”.

Vitse-prezidentinin sözlərinə görə, digər afrikalı futbolçu Əhməd Ticani zədəli olduğundan onlara hücumçu lazımdır: “Əslində Ticaninin çiynindəki problem hələ 2007-ci ildə Moldovanın “Daçiya” klubu ilə İntertoto kubokunda səfərdəki oyunumuz yaranmışdı. Həmin vaxt yeni transfer etdiyimiz Əhməd rəqiblə toqquşmada xəsarət aldı. Həkimlər demişdilər ki, çiynində yenidən belə problem yaransa, ümumiyyətlə, futbolçu karyerasını bitirmək təhlükəsi var. Bu üzdən Ticani Antalyada yoxlama oyununda zədə aldıqdan sonra onu elə Türkiyədə əməliyyat etdirdik. Yoxsa belə problem olmasaydı, əməliyyatı yayda, yəni mövsüm bitəndən sonra fasilədə etməyi planlaşdırırdıq. Ancaq futbolçumuzun həyatı ilə risk edə bilməzdik və bu səbəbdən Ticanini “Birlik kuboku”nda oynatmadıq. O, iki aydan sonra oynaya biləcəyindən hücumçu transfer etmək istəyirik”.

Qeyd edək ki, Sofroninin “Bakı”ya keçidi baş tutarsa, o, komandada 3-cü moldovalı futbolçu olacaq. Vyaçeslavın həmyerlilərindən müdafiəçi Aleksey Savinovla yarımmüdafiəçi Vadim Borets artıq il yarımdır çıxış etdikləri “zolaqlılar”ın heyətində Azərbaycan çempionu olublar. Sofroni yığmada Savinovla komanda yoldaşıdır.
0