“Saturn”un baş məşqçisi: “Xəzər-Lənkəran”la oyunda müəyyən həcmdə iş gördük
28.01.2010 - 12:21
“Saturn”un baş məşqçisi: “Xəzər-Lənkəran”la oyunda müəyyən həcmdə iş gördük
“Xəzər-Lənkəran”la görüş bizim üçün hazırlıq mikrotsiklinin sonu oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Saturn” klubunun baş məşqçisi Andrey Qordeyev deyib.

“Xəzər-Lənkəran” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını Rusiya Premyer Liqasında mövsümü 7-ci yerdə bitirən “Saturn”la yoxlama oyunu ilə başa vurub. Qordeyev 1:0 hesabı ilə qalib gəldikləri görüşdə yetirmələrindən razı qalıb: “Biz müəyyən həcmdə iş gördük. Bu gün bərpa xarakteri daşıyan məşğələlər keçirmək fikrindəyik. Nəzərdə tutulan qrafikə dözməyimiz vacibdir”.

“Saturn” “Xəzər-Lənkəran” oyunu azlıqda başa vurmaq məcburiyyətində qalıb. Belə ki, Belarus yığmasının hücumçusu Leonid Kovel görüşün sonunda zədələndiyi üçün meydanı tərk edib və komandamız say üstünlüyünə malik olub. Qordeyev oyunda zədələnən tanınmış futbolçuları Andrey Karyaka və baxışa legioner Temile haqda da fikirlərini bildirib: “Zədəlilər haqda hələ dəqiq şərh verə bilmərəm. Ancaq görünür, Karyakada heç bir ciddi problem yoxdur. Ancaq Kovelin dirsək nahiyəsindən xəsarət alması mümkündür. Baxışa gələn Temile “Xəzər-Lənkəran”la oyunda çalışdı. Ancaq yeni gələn futbolçu haqda tələsik nəticə çıxartmayacağıq. Biz ona hələ iş prosesində yenidən baxacağıq”.

Qeyd edək ki, “Saturn”dan fərqli olaraq, “Xəzər-Lənkəran” bu gün vətənə dönür.
0