Valeri Abramidze “Neftçi” ilə müqavilə imzaladı
28.01.2010 - 12:29
Valeri Abramidze “Neftçi” ilə müqavilə imzaladı
Valeri Abramidzenin Bakının “Neftçi” klubuna qayıdışı rəsmiləşib. Abramidze apasport.az saytının Türkiyənin Antalya şəhərinə ezam olunmuş müxbirinə açıqlamasında keçmiş komandası ilə müqavilə bağladığını bildirib.

30 yaşlı gürcü müdafiəçinin anlaşması ən azı yaya kimi nəzərdə tutulub. Abramidze hələ “Neftçi” Bakıda olduğu zamanı baxışa gələrək, “Olimpik-Şüvəlan”la yoxlama oyununda (1:0) meydana çıxıb. Bundan sonra “ağ-qaralar”la birgə Antalyaya təlim-məşq toplanışına yollanan Valeri bir neçə yoxlama oyununda iştirak edərək, baş məşqçi Vaqif Sadıqovun etimadını qazanıb. Ruslan Abışovla Tural Nərimanov zədəli olduğundan, mərkəz müdafiəçisi axtarışında olan Sadıqov bu mövqedə yaranan boşluğu Abramidze kimi təcrübəli futbolçu ilə doldurmaq fikrindədir.

Valeri bu gün Bakıya Türkiyə hazırlığını bitirən “Xəzər-Lənkəran”la birgə dönəcək. O, 2006-cı ilin yayında “Neftçi”dən məhz bu komandaya keçərək, mövsümü “qızıl dubl”la başa vurub. Gürcü müdafiəçi hər iki komandamızda baş məşqçi Ağasəlim Mircavadovun rəhbərliyi altında oynayıb. Təcrübəli mütəxəssis indi də “Xəzər-Lənkəran”ı çalışdırır. “Neftçi” Türkiyə hazırlığını başa vursa da, Bakıya başqa reyslə dönür.

Qeyd edək ki, Abramidze “Neftçi”də oynadığı 15 ayda ölkə çempionluğu, bürünc medal və “Birlik kuboku”nu qazanıb.
0