Breme ilə Popesku “Qəbələ”nin baş məşqçisinə həsəd aparır
28.01.2010 - 12:48
Breme ilə Popesku “Qəbələ”nin baş məşqçisinə həsəd aparır
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən məhsuldar müdafiəçilərinin siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Hollandiya milli komandasının sabiq futbolçusu Ronald Kuman futbol tarixində ən çox qol vuran arxa xətt oyunçusudur. Milli çempionatların güclülər dəstəsində ən azı 50 qol vuran müdafiəçilərin siyahısına başçılıq edən 45 yaşlı hollandiyalının hesabında 193 top var. Kuman bu topları 1980-97-ci illərdə güclülər dəstəsində keçirdiyi 533 matç ərzində vurub.

İkinci olan argentinalı Daniel Pasarella 451 oyuna 134, üçüncü pillədə qərarlaşan ispaniyalı Fernando Yerro 541 qarşılaşmaya 110 dəfə fərqlənib. Daha iki müdafiəçi Eqardo Bauza (Argentina) və Pol Braytner (Almaniya) 100 qol həddini aşıb. Onlar müvafiq olaraq, 108 (499 oyun) və 103 (369 oyun) dəfə rəqib qapısına yol tapıb.

Bir il əvvəl olduğu kimi, siyahıda yenə 80 futbolçu yer alıb. Onlar arasında Azərbaycanın yeganə təmsilçisi Ramiz Məmmədovdur. O, ötən siyahıda olduğu kimi, yenə 34-cü sırada qərarlaşıb. “Qəbələ”nin baş məşqçisinin futbolçu karyerasında 64 qol var. Məmmədov 1992-2005-ci illərdə vurduğu qollarını Azərbaycan və İran birinciliklərində rəqib qapısından keçirib. Buna cəmi 285 qarşılaşmada nail olan sabiq müdafiəçi eyni sayda qol vuran Georgi Popeskunu məhz az oyun keçirdiyi üçün qabaqlayır. Türkiyənin “Qalatasaray” klubunun rumıniyalı əfsanəsi 472 matçda 64 dəfə fərqlənib.

Məmmədovun qabaqladığı müdafiəçilər sırasında ingiltərəli Stüart Pirs (63 qol), almaniyalı Andreas Breme (62), fransalı Frank Leböf (59), Dan Petresku (57), Kristian Tsiqe (55) kimi məşhur oyunçular da var.

Qeyd edək ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da arxa xətt oyunçusu olub. Lakin Mönhenqladbax “Borussiya”sının heyətində keçirdiyi 419 oyuna 32 qol vurduğundan siyahıya düşməyib.
0