Moldovalı məşqçilər Yunis Hüseynova çatdı
28.01.2010 - 13:37
Moldovalı məşqçilər Yunis Hüseynova çatdı
Moldovada məşqçilərə ən yüksək kateqoriya olan “Pro” lisenziyası verilib. Apasport.az saytının məlumatına görə, buna sahib çıxan 13 məşqçi arasında Azərbaycanla işləyən, ölkəmizə bağlı olanlar da var.

Donetskin “Şaxtyor” klubunda seleksiyaçı işləyən İlye Karp Sumqayıtın “Gənclərbirliyi” klubunun baş məşqçisi olub. Onun həmyerlisi İqor Ursaki isə “Xəzər-Lənkəran”da baş məşqçi Viktor Pasulkonun köməkçisi olub. Onlar Moldova milli komandasında da birgə çalışıblar. Yeri gəlmişkən, Moldova yığmasının sabiq baş məşqçisi, İqor Ponomaryovla birgə Seul Olimpiadasının qalibi olan İqor Dobrovolski də həmin sıradadır.

“Pro”nu alanlardan Emil Karasla İvan Tabanov isə avrokuboklarda komandalarımızı mübarizədən kənarlaşdırıblar. Karas “Daçiya”nın baş məşqçisi kimi İntertoto kubokunda “Bakı”nı, Tabanov isə “Zimrbu”nun çalışdırıcısı kimi UEFA kubokunda “Qarabağ”ı üstələyib. Moldovada “B” lisenziyasını alan 16 məşqçi arasında isə Azərbaycan Premyer Liqasının gümüş medalçısı olan İon Testimitsianu da olub. Bakının “İnter” klubunda buna nail olan 36 yaşlı veteran futbolçu yaxınlarda Moldova yığmasına məşqçi təyin olunub.

Qeyd edək ki, “Pro” lisenziyasını alan məşqçi dünyanın istənilən komandasında çalışmaq hüququ qazanır. Moldova postsovet məkanında UEFA-nın ən yüksək məşqçi kateqoriyasını ala bilən 3-cü ölkə sayılır. Digər belə hüquq Rusiya və Ukraynaya məxsusdur. “Pro”ya malik yeganə azərbaycanlı məşqçi olan Yunis Hüseynov ötən ilin sonunda məhz Ukraynada həmin dərəcəni alıb. Yevlaxın “Karvan” klubunun 45 yaşlı çalışdırıcısı Kiyevdəki kursları uğurla başa vuraraq, müvafiq diploma yiyələnib.
0