“Neftçi” İsveçrə klubundan hücumçu transfer etdi
28.01.2010 - 13:44
“Neftçi” İsveçrə klubundan hücumçu transfer etdi
Bakının “Neftçi” klubu daha iki transfer reallaşdırıb. Apasport.az saytının Türkiyənin Antalya şəhərinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, flaqman əcnəbi hücumçular – eston Vladimir Voskoboynikov və moldovalı Sergey Alekseyevin keçidini həll edib.

Hər iki legioner həm Bakıda, həm də Antalyada baxışdan uğurla keçiblər. Onlarla anlaşma ən azı yaya kimi nəzərdə tutulub. Bu iki transferdən sonra “Neftçi”nin ön xəttində böyük rəqabət yaranıb. Belə ki, uruqvaylı Valter Quqlemon, kamerunlu Valentin Atem, braziliyalı Joze Karlos, Samir Əliyev də komandanın hücumçularıdır. Həm Voskoboynikov, həm də Aleksey öz milli komandalarının üzvləridir. 27 yaşlı Vladimir hələ 2008-ci ilin yayında “Neftçi”ni ukraynalı Anatoli Demyanenko çalışdırdığı zamanı İntertoto kubokunun oyunları zamanı baxışa gəlsə də, tezliklə geri qaytarılıb. Göründüyü kimi, ikinci cəhdi uğurlu alınan Voskoboynikovun son klubu Rusiyanın birinci divizion təmsilçisi “Luç-Enerji” olub. 24 yaşlı Alekseyev isə son vaxtlar İsveçrənin yüksək liqasının autsayderi olan “Aarau” klubunda çıxış edib.

Qeyd edək ki, “Neftçi” qış fasiləsində “İnter”dən yarımmüdafiəçi Cavid Hüseynovu transfer etməklə yanaşı, gürcü müdafiəçisi Valeri Abramidzeni 4 ildən sonra geri qaytarıb.
0