Biro Jade: Rəqibin kimliyi əhəmiyyət kəsb etmir
28.01.2010 - 14:30
Biro Jade: Rəqibin kimliyi əhəmiyyət kəsb etmir
“Biz hələ Macarıstan gəlməzdən əvvəl öz-özümüzə gücümüzlə bağlı hesabat verirdik. Və yarımfinala çıxmaq məqsədimizin olduğunu gizlətmirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının oyunçusu Biro Jade deyib.

Macarıstanda keçirilən Avropa çempionatının bu gün keçiriləcək yarımfinal oyunu ərəfəsində braziliyalı futzalçı UEFA-nın rəsmi internet saytına müsahibə verib. O, komandamızın uğurlu çıxışını dəyərləndirib: “Bəlkə də bəziləri üçün bizim nəticələr gözlənilməz sayıla bilər. Lakin bizin üçün bu belə deyil. Uğurumuzun əsas səbəbi kimi yaxşı köklənməyimizi qeyd edə bilərəm. Yarımfinala çıxmağımız mənim üçün xüsusi hədiyyə oldu. Bu, Azərbaycan futzalının irəliyə doğru böyük addımıdır. Bunda əməyim olmasına görə çox sevinirəm”.

Biro Jade 37 yaşının olmasına baxmayaraq, hələ də yüksək səviyyədə oynamasının səbəbini belə izah edib: “Əslində bununla bağlı böyük sirrim yoxdur. Sadəcə, mən məşq etməyi, mini-futbol oynamağı çox sevirəm. Nə vaxtsa karyeramı bitirməli olacağıma inanmağım gəlmir. Nə qədər ki, gücüm var, oynamağa davam edəcəyəm”.

Milliləşən legioner bugünkü rəqiblə bağlı fikirlərini də açıqlayıb: “Mənim üçün rəqibin kimliyi heç vaxt ciddi əhəmiyyət kəsb etməyib. Avropa çempionatı zamanı da hansı rəqibin düşüb-düşməməsi haqda baş sındırmamışam. Portuqaliya ilə oynamağımız da heç nəyi dəyişmir. Düşünürəm ki, yarımfinala Avropanın 4 ən güclü komandası çıxıb. Portuqaliya da çox güclü komandadır. Onlar həmişə qitədə özlərini yaxşı tərəfdən göstəriblər. Bizdə isə 12 oyunçudan yalnız ikisi “Araz”ı təmsil etmir. Bu da bizim anlaşmağımıza müsbət təsir edir. Təxminən il yarım əvvəl çoxları Azərbaycan futzalı haqda heç nə bilmirdilər. Amma indi hər şey dəyişib. Ən çətini də bu səviyyəni qorumaq, yüksəkdə qalmaq olacaq”.
0