Sergey Sokolov “Simurq”u “Qəbələ”yə dəyişdi
28.01.2010 - 14:47
Sergey Sokolov “Simurq”u “Qəbələ”yə dəyişdi
Azərbaycan milli komandasının müdafiəçisi Sergey Sokolov Zaqatalanın “Simurq” klubunu tərk edib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı rus futbolçu “Qəbələ” klubuna transfer olunub. Yeni klubu ilə bir illik müqavilə imzalayan Sokolov karyerasını digər əyalət təmsilçisində davam etdirəcək.

Universallığı ilə seçilən Sergey, demək olar, müdafiənin bütün yerlərində oynaya bilir. O, “Qəbələ”nin rəsmi saytına açıqlamasında transferi ilə bağlı qısa fikirlərini bildirib: “Bu kluba keçdiyim üçün şadam. Bundan sonra var-gücümlə çalışıb, “Qəbələ”nin yüksək yerlər tutması üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

“Qəbələ” milli komandamızın heyətində 7 oyun keçirən Sokolovun Azərbaycanda 4-cü klubu olub. Ölkəmizə 2005-ci ilin ortasında Şahin Diniyevin dəvəti ilə gələn müdafiəçi həmin mövsümün ilk dövrəsini onun rəhbərliyi altında “Gəncə” klubunda keçirib. Diniyevin mili komandamızın baş məşqçi postuna gəlişindən sonra “Qarabağ”a keçən Sergey 2006-cı ildə bu klubla Azərbaycan kubokunun qalibi olub.

Həmin vaxt Diniyevin dəvəti ilə milli komandamızda da oynayan legioner çox keçmədən böyük qalmaqala görə uzun müddət futboldan kənarda qalmalı olub. Belə ki, yığmamızın 2008-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Belçika ilə səfər oyunundan (0:3) sonra Sokolovdan götürülən dopinq-test gözlənilmədən müsbət nəticə verib və onun diskvalifikasiya edilməsinə səbəb olub. Sergey FİFA tərəfindən 18 ay müddətinə bütün rəsmi turnirlərdən uzaqlaşdırılıb. Yalnız ötən mövsümün əvvəlində karyerasını bərpa edən Sergey "Simurq"la müqavilə bağlayıb və Roman Pokoranın çalışdırdığı komandada 41 oyuna 4 qol vurub.
0