“Qəbələ” koreyalılara yenə uduzdu
28.01.2010 - 14:59
“Qəbələ” koreyalılara yenə uduzdu
“Qəbələ” klubu Türkiyədəki hazırlıq prosesini başa vurub. Apasport.az saytının məlumatına görə, bu gün Bakıya qayıdan Ramiz Məmmədovun çalışdırdığı komanda Antalyadakı təlim-məşq toplanışında sonuncu yoxlama oyununu Cənubi Koreyanın “İnçon Yunayted” klubu ilə keçirib. Qəbələnin eyni adlı təmsilçisi ölkə çempionatını 4-cü yerdə başa vuran rəqibinə 0:1 hesabı ilə uduzub.

Məmmədov “Olimpik-Şüvəlan”la Unibank Premyer Liqasındakı vacib oyun öncəsi son taktiki sxemləri nəzərdən keçirib. Maraqlıdır ki, “Qəbələ” Türkiyədə hər iki məğlubiyyətini koreyalılardan alıb. Belə ki, buna qədər həmin ölkənin “Geonqam” klubuna uduzan (1:3) komanda "Tom"a (Rusiya) 2:1, "GDR Libolo"ya (Anqola) 3:0 hesabı ilə qalib gəlib, "Baltika" (Rusiya) ilə 1:1 hesablı heç-heçə edib.

“Qəbələ” baxışa çağırdığı portuqaliyalı futbolçu Paulinyo Lopes Tavaresi bəyənib. 1984-cü dekabrın 10-da Portuqaliyanın paytaxtı Lissabonda anadan olan yarımmüdafiəçi karyerasına yerli "Kampomayorense"də start verib. Bundan sonra Fransaya gedən Paulinyo 2004-06-cı illərdə "Kreteyl", növbəti mövsümü isə "Villemombl"da oynayıb. 2008-ci ildən İsveç "Trelleborq"unda çıxış edən Tavares meydana çıxdığı 20 görüşdə 3 qol vurub.

Qeyd edək ki, Yaşar Abuzərovla bir illik, Anatoli Ostapla 6 aylıq müqavilə bağlayan "Qəbələ" Mikola Gibalyuk, Vladimir Bondarçuk, Milan Marinkoviç, Azər Məmmədov və Mikayıl Namazovu transferə çıxarıb.
0