Yığmanın baş məşqçisi “sən yaxşı adam deyilsən”in qurbanı oldu
28.01.2010 - 15:21
Yığmanın baş məşqçisi “sən yaxşı adam deyilsən”in qurbanı oldu
Belçika milli komandasının baş məşqçisi Dik Advokat cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, tanınmış hollandiyalı mütəxəssis yığmada deyil, çalışdırdığı “Alkmaar” klubunda cəzaya layiq görülüb.

Ölkə çempionatının “Ayaks”la oyununda etdiyi hərəkətlər üzündən Advokat iki matç texniki zonadan kənarda qalacaq. Buna onun hakimi söyməsi səbəb olub.

Futbolçularına 7 sarı vərəqə göstərən Byorn Kuypersin qərarlarından narazı qalan mütəxəssis onu təhqir edib. İşlətdiyi ifadələrə görə elə oyunun gedişində texniki zonadan qovulan hollandiyalı onu tribunaların altına yola salan ehtiyat hakimə də nümayişkaranə şəkildə əl çalıb.

“Alkmaar”ın çalışdırıcısı cəzalandırılsına səbəb olan ifadələri açıqlamaqdan çəkinməyib: “Mən ona dedim ki, sən yaxşı adam deyilsən”.

Qeyd edək ki, “Ayaks” – “Alkmaar” qarşılaşmasında meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.
0