Yığmamızın hücumçusunu “Marakana”ya buraxmadılar
28.01.2010 - 15:33
Yığmamızın hücumçusunu “Marakana”ya buraxmadılar
Braziliyanın ən nüfuzlu ştat turnirlərindən olan Rio-de-Janeyro çempionatında (Karioka) növbəti turun oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Leandro Qomeşin şərəfini qoruduğu “Amerikano” Kariokanın birinci hissəsi sayılan Quanabara birinciliyinin 4-cü turunda çempionatın ən sanballı klublarından sayılan “Flamenqo”nun qonağı olub.

Adriano və Vaqner Lav kimi ulduzlara malik meydan sahibləri çətinliklə də olsa, qalib gələ bilib – 3:2. Bu görüş dünyanın ən məşhur stadionlarından biri olan “Marakana”da keçirilib. Leandroya vaxtilə 200 mindən artıq tamaşaçı tutması ilə dünya rekordları qıran, əsaslı təmir işlərindən sonra bu rəqəmin 88 min 892-yə endirildiyi “Marakana”da oynamaq nəsib olmayıb. Belə ki, baş məşqçi Eron Ferreyra ilk 3 turda olduğu kimi, yenə də Qomeşi meydana buraxmayıb.

Qeyd edək ki, A qrupunda mübarizə aparan “Amerikano” bütün oyunlarda uduzaraq, 4 oyundan sonra 8 komanda arasında sonuncu, itkisiz irəliləyən “Flamenqo” isə 12 xalla birinci pillədə qərarlaşıb.
0