“Yuventus” yeni baş məşqçisinə 250 min avro verəcək
28.01.2010 - 15:47
“Yuventus” yeni baş məşqçisinə 250 min avro verəcək
İtaliyanın “Yuventus” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının İtaliyanın məşhur “Gazzetta dello Sport” qəzetinə istinadən verdiyi məlumata görə, rəhbərlik bu postu komandanın keçmiş futbolçusu olan Klaudio Centileyə tapşırıb.

55 yaşlı italyan mütəxəssis “Yuventus”un baş direktor müavini Roberto Betteqa ilə iki saatlıq söhbətindən, bir çox məsələləri müzakirə etdikdən sonra bu təklifi qəbul edib. Centilenin namizədliyini həmyerlisi Covanni Trapattoni təklif edib. Turinlilər ilk olaraq Trapattoniyə müraciət etsə də, o, bunu qəbul etməyib. 71 yaşlı çalışdırıcı bunu İrlandiya yığmasını hətta müvəqqəti tərk etməyə, üçüncü dəfə “Yuventus”a rəhbərlik etməyə hazır olmaması ilə izah edib. Centile onunla bağlanacaq 4 aylıq müqaviləyə görə 250 min avro qazanacaq. Ona komandanın Avroliqada uğurlu çıxışı və Çempionlar Liqasına vəsiqə qazanılması müqabilində bonus da nəzərdə tutulub.

Qeyd edək ki, “Yuventus”un baş məşqçisi Çiro Ferrara bu gün İtaliya kuboku uğrunda “İnter”lə oyundan sonra istefaya göndəriləcək. Son vaxtlar uğursuz çıxış edən Turin klubu keçirdiyi 6 görüşdən 5-də uduzub.
0