Vaqif Cavadov “Tvente”də ilk məşqə çıxdı
28.01.2010 - 17:41
Vaqif Cavadov “Tvente”də ilk məşqə çıxdı
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov bu gün Hollandiyanın “Tvente” klubunda ilk məşqə çıxıb. Bu haqda apasport.az saytına Vaqifin atası Füzuli Cavadov məlumat verib.

Veteran futbolçu oğlunun işlərinin qaydasında olduğunu bildirib: “Vaqif Hollandiyaya vizasını Türkiyədə aldıqdan sonra problemi qalmadı. O, bu gün “Tvente” ilə ilk məşqə çıxıb. Oğlumu Hollandiyada yaxşı qarşılayıblar. Vaqif yeni baş məşqçisi Stiv Maklarenin etimadını tezliklə qazanmaq üçün çalışır. Bazar günü oyunları var. Həmin görüşə ciddi hazırlaşan Vaqif heyətdə yer alıb. Onun “18-liy”ə düşəcəyi, meydana çıxacağı gözlənilir”.

21 yaşlı hücumçu klub tərəfindən verilən geyim dəstlərinə sahib çıxıb: “Ancaq Vaqifin “Tvente”də geyəcəyi 7 nömrəli forma ona rəsmən təqdim edilməlidir. Bu mərasim sabah, uzağı birigün olacaq. Hər halda, növbəti tura qədər bunu gerçəkləşdirməlidirlər”.

“Tvente” Vaqifi ev, avtomobillə təchiz etsə də, futbolçu hələ ki hoteldə qalır. Ata Cavadovun sözlərinə görə, onlar Hollandiyaya gedəndən sonra məişət problemləri tam həllini qalacaq: “İndiki vəziyyətdə Vaqifin evdə tək qalması məqsədəuyğun deyil. Bu, ilk növbədə qidalanma ilə bağlıdır. Oğlum hələ ki hoteldə qalır, sonra evinə köçəcək. Həmin vaxt ailəsi də onun yanında olacağıq. İnşallah, biz iki həftəyə viza alıb, Hollandiyaya yollanacağıq. O, bütün ailə üzvlərinin əhatəsində olacaq, qərib ölkədə darıxmayacaq. Biz 2-3 ay orada olandan sonra vətənə dönəcəyik. Onsuz da viza bu müddətə verilir və həmin vaxt da Hollandiyada mövsüm bitib, fasilə yaranacaq”.

Qeyd edək ki, turnir cədvəlində 2-ci yerdə gedən, lider PSV-dən 2 xal geri qalan “Tvente” növbəti turda “Roda”nı qəbul edəcək. Həmin oyun yanvarın 31-də Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
0