“Qarabağ” təmsilçisi Berqkamp, de Bur və Koku ilə bir arada
28.01.2010 - 17:57
“Qarabağ” təmsilçisi Berqkamp, de Bur və Koku ilə bir arada
Ağdamın “Qarabağ” və Hollandiyanın “Tvente” klubu əməkdaşlığı davam etdirmək niyyətindədir. Apasport.az-ın Ağdam təmsilçisinin rəsmi internet saytına istinadən məlumatına görə, Enshede klubu ilə ortaq akademiya açmaq fikrində olan “Qarabağ” rəhbərliyi nümayəndəsini Hollandiyaya göndərib.

Zanbaqlar ölkəsində uşaq və yeniyetmə futbolunun vəziyyəti ilə tanış olmaq üçün səfərə yollanan ağdamlıların uşaq futbolu koordinatoru Həmdi Sərpil Tüzün orada “Tvente”nin qonağı olub. Türkiyəli mütəxəssis Hollandiya Futbol Federasiyasının Zeist şəhərində yerləşən yığmaların bazası və yeniyetmə futbolçuların yetişdirilməsi üçün nəzərdə tutulan idman mərkəzində olub. Tüzün zanbaqlar ölkəsində ildə bir dəfə nəzərdə tutulmuş yeniyetmələrin Futbol gününə həsr olunmuş seminarda iştirak edib. Onunla yanaşı tanınmış simalar Dennis Berqkamp, Frank de Bur, Filip Koku da bu seminara qatılanlar arasında olub.

“Qarabağ”ın nümayəndəsi yeniyetmə futbolun keyfiyyətinin artırılmasına cavabdeh olan, yeniyetmələrdən ibarət milli komandanın köməkçi məşqçisi Remi Reyniese ilə də görüşüb. İdman mərkəzi ilə tanışlıqdan sonra təkbətək görüşən mütəxəssislər yeniyetmə futbolun inkişafına dair müzakirələr apararaq belə görüşlərin əhəmiyyəti və gələcəkdə davamlı olmasını arzulayıblar. Yalnız bundan sonra Tüzün Enshede şəhərinə yollanaraq “Tvente”nin idman mərkəzinə qayıdıb.

Qeyd edək ki, bir müddət əvvəl “Tvente” “Qarabağ”ın hücumçusu Vaqif Cavadovu transfer edib.
0