Debretsendə bəxtimiz gətirmədi... - YENİLƏNİB
28.01.2010 - 22:07
Debretsendə bəxtimiz gətirmədi... - YENİLƏNİB
Bu gün Azərbaycan futzalsevərlərinin bütün diqqəti Macarıstanın Debretsen şəhərinə yönəlib. Milli komandamızın Avropa çempionatının finalına çıxıb-çıxmayacağı məhz bu kiçik şəhərin “Foniks” İdman Sarayında keçiriləcək oyundan sonra bilinəcək. Qitə birinciliyinin həlledici matçında iştirak hüququ qazanmaq üçün Portuqaliyanı məğlub etməlidir.

Apasport.az saytının Macarıstana ezam olunmuş xüsusi müxbiri birbaşa “Foniks” İdman Sarayından qarşılaşmanın nəticəsini onlayn təqdim edəcək. Sadiq oxucularımız matçda vurulacaq qolların müəllifləri, yaşanacaq maraqlı hadisələr, eləcə də baş məşqçilərin oyunsonrası səsləndirəcəkləri fikirlərlə saytımız vasitəsilə tanış ola bilərlər.

Yarımfinal

20:30 Azərbaycan - Portuqaliya - 6:8 (əsas vaxt - 3:3, penaltilərlə 3:5)
Qollar: Tyaqu, 8; Felipe, 18; Maşado, 29 - Kardinal, 10; Joao Matoş, 28; Pedro Koşta, 29
Azərbaycan: 1.Andrey Tveryankin, 4.Serjio Luis Lukas, 5.Felipe Ribeyro Dos Santos, 8.Rizvan Fərzəliyev, 14.Vitali Borisov
Ehtiyat oyunçular: 3.Sergey Çuykov, 7.Rəcəb Fərəczadə, 9.Qabriel Tyaqu Rodriges, 10.Nilson Maşado, 11.Namiq Məmmədkərimov, 12.Marat Salyanski (k), 14.Vitali Borisov
Baş məşqçi: Joze Alesio da Silva
Portuqaliya: 12.Bebe, 3.Leytao, 6.Arnaldu (k), 9.Qonçalo, 11.J.Matos
Ehtiyat oyunçular: 1.Joao Benedito, 4.Pedro Koşta, 5.Joel Keyruş, 7.Kardinal, 8.İsrael,13.Pedro Kari
Baş məşqçi: Orlando Duart
Sarı vərəqə: Maşado, 19
Hakimlər: Borut Siviç (Sloveniya), Paskal Lemal (Belçika), Stefan Kammerer (Almaniya)
28 yanvar. Debretsen. “Foniks” İdman Sarayı. 2840 tamaşaçı.

***Komandamız yarımfinala görüşünə fərqli taktikada başlayacaq. Yəni, ilk “dördlük” əvvəkilərdən fərqlənir. Belə ki, yığmamızın bombardiri Nilson Maşado oyunun startını buraxacaq, onu Vitali Borisov əvəzləyəcək.

***Təəssüf ki, yığmamz cəmi 11 futzalçı ilə qalıb. Ukraynalılarla matçda diz nahiyəsindən zədələnmiş Ediqluson Alves de Souza Portuqaliyaya qarşı mübarizə apara bilməyəcək.

***Portuqaliyalılarla oyunların statistikası heç də bizim üçün ürəkaçan deyil. İndiyədək Pireney yarımadası təmsilçisi ilə 6 qarşılaşmanın 5-də uduzmuşuq, yalnız birində heç-heçə etməyi bacarmışıq.

***Start fitindən öncə tamaşaçıları həm azərbaycanca, həm də portuqalca salamladılar.

Oyun başlandı.

1-ci dəq. İlk real qol vəziyyətini portuqallar yaratdılar. Arnaldunun yaxın məsafədən zərbəsini Tveryankin qaytardı.

2-ci dəq. Pedro Karinin nəzarətsiz qalmış qapıya göndərdiyi zərbəninin qol olmasına son anda Serjio imkan vermədi.

4-cü dəq. Rəqibin daha bir hücumu təhlükəli oldu. Ancaq top dirəyin yaxınlığından keçdi.

5-ci dəq. Baş məşqçimiz Joze Alesi da Silva elə ilk dəqiqələrdən riskə getdi. O, qapıçı Tveryankini Maşado ilə əvəzlədi. Nəticədə Portuqaliya yığması müdaifəyə çəkildi.

6-cı dəq. Vitali Borisovun ötürməsini Tyaqu az qala qapıdan keçirəcəkdi. Ancaq onun zərbəsini rəqib qapıçı zərərsizləşdirdi.

8-ci dəq. 48-ci saniyə. Serjionun assisentliyindən sonra Tyaqu topu tora qovuşdurdu.

9-cu dəq. 43-cü saniyə. Kardinal hesabı bərabərləşdirdi.

Qoldan sonra milli komandamız taym-aut götürdü.

11-ci dəq. Kəsərli əks-hücum qurduq. Felipedən ötürmə alan Rizvan qapıya zərbə endərsə də, Bebe sayıqlığını itirmədi.

13-cü dəq. Borisov gözlənilmədən qapıya zərbə vurdu, amma hədəfi dəqiq nişan ala bilmədi.

15-ci dəq. Vitali Borisovun fərqlənmək üçün əla imkanı oldu. O, sürətlə irəlilədi və qapıya doğru güclü zərbə vurdu. Bu epizodda Serjioya da ötürmə vermək olardı.

17-ci dəq. 13-cü saniyə. Yığmamız yenə hesabda önə keçdi. Felipe təkbaşına hücum getdi və iti bucaq altında topu qapıya göndərdi.

19-cu dəq. Maşado Pedro Koştanın kobudluqla dayandırdı və baş hakim futzalçımıza sarı vərəqə göstərdi.

Birinci hissə başa çatdı. Komandamız fasiləyə hesabda öndə yollandı.

Komandalar soyunub-geyinmə otağına yollanarkən, yığmamızdan Serjio, Maşadonun rəqib oyunçularla mübahisə etməsi diqqətdən yayınmadı. Ümumiyyətlə, Maşado ilk hissədə çox əsəbi nəzərə çarpırdı.

İkinci hissəyə start verildi.

Qalib durumda olmağımıza baxmayaraq, ikinci hissənin ilk dəqiqələrində hücumameylli oyun nümayiş etdiririk.

24-cü dəq. Qapı dirəyi portuqalları qoldan xilas etdi. Künc zərbəsindən ötürülən topu Tyaqu qapıya vurdu, ancaq idman xoşbəxtliyi bizdən üz çevirdi.

26-cı dəq. Yenə Tyaqu diqqət mərkəzinə düşdü. Onun cərimə zərbəsini qapıçı cətinliklə qaytardı.

Cərimələrin sayı 5:0 oldu. Bu isə o deməkdir ki, Portuqaliya yığması növbəti dəfə qaydaları pozsa, onların qapısına 10 metrlik cərimə zərbəsi təyin olacaq.

Cəmi 2 dəqiqəyə qapılara 3 qol vuruldu. Hesab 3:3-dür. Rəqib əlinə düşən hər iki imkandan yararlandı. Əvəzində, Maşado hesabı bərabərləşdirərək, bombardilər siyahısında zirvəyə yüksəldi.

Oyunu 2840 tamaşaçı izləyir.

Bu dəqiqələrdə milli komandamız müdafiəyə çəkilib və hücum qurmağa çətinlik çəkir.

39-cu dəq. Final fitinə 1 dəqiqə 9 saniyə qalmış Joze Alesio da Silva taym-auta ehtiyac gördü.

Son dəqiqədə portuqaliyalı futzalçı öz qapısı qarşısında əllə oynasa da, hakim davam işarəsi verdi.

Matçın əsas vaxtı 3:3 hesabı ilə nəticələndi. Qalib penaltilər seriyasında müəyyənləşəcək.

Xatırladaq ki, yığmamız 1/4 finalda Ukraynanı elə penaltilər seriyasında üstələmişdi. Həmin qarşılaşmanın da əsas vaxtı 3:3 hesabı ilə başa çatmışdı.

Birinci Portuqaliya yığmasının üzvü Joel Keyruş topa yaxınlaşır və dəqiq olur - 3:4.

Serjio hesabı bərabərləşdirdi.

Kardinalın zərbəsi Tveryankinə dəysə də, qol oldu.

Əvəzində, Tyaqunun solaxay zərbəsini qapıçı qaytardı.

Leytao da hədəfi dəqiq nişan aldı.

Maşado hesab arasındakı fərqi azaltdı - 5:6.

Pedro Koştanın da zərbəsi dəqiq alındı.

Rizvan Fərzəliyev bizi ümidləndirdi.

Qonçalo həlledici zərbəni də dəqiq vurdu. Bütün penaltilərdən məharətlə yararlanan pireneylilər finala yüksəldilər. Yığmamız isə yanvarın 30-da 3-cü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.
0