Joze Alesio da Silva məğlubiyyətin səbəblərini açıqladı
28.01.2010 - 23:21
Joze Alesio da Silva məğlubiyyətin səbəblərini açıqladı
Macarıstanda keçirilən Avropa çempionatının yarımfinal matçından sonra Azərbaycan futzal yığmasının baş məşqçisi Joze Alesio da Silva mətbuat konfransı keçirib. Apasport.az saytının Macarıstana ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, braziliyalı mütəxəssis Portuqaliyaya oyunsonrası penaltilər seriyasında məğlubiyyətin (3:3, penaltilərlə 3:5) səbəblərini açıqlayıb.

- Portuqaliya komandasını finala vəsiqə qazanması münasibətilə təbrik edirəm. Yetirmələrimə minnətdarlığımı bildirirəm, sağ olsunlar. Qalib gəlmək üçün yaxşı şansımız var idi. Çünki matçın başa çatmasına 14 dəqiqə qalmış rəqibin passivində 5 cərimə zərbəsi var idi. Qalan vaxtda yenə cərimə zərbəsi olsaydı, qələbə qazanardıq. Penaltilər seriyasına gəlincə, bu lotereyadır. Ukraynalılarla görüşdə bizim bəxtimiz gətirmişdi, bu dəfə məğlub tərəf biz olduq. Fikrimcə, reqlament çox pisdir. Qarşılaşmanın əsas vaxtı başa çatdıqdan sonra hərəsi 5 dəqiqə olmaqla, əlavə hissələr oynamaq məqsədəuyğun idi. Özü də Portuqaliya ilə matçda belə qayda bizə daha çox sərf edirdi. Rəqib 5 dəfə qaydanı pozduğundan, 10 metrlik cərimə zərbəsi vurmaq hüququ qazana bilərdik.

- Siz birinci hissənin əvvəlində sürpriz edərək, qapıçını oyunçu ilə əvəzlədiniz. Bunu nəyə görə etdiniz? Bəs ikinci hissədə eyni taktikaya niyə əl atmadınız?
- Bu həqiqətən də riskli addım idi. Heç kim düşünmədiyi vaxt qapıçının yerinə sahə oyunçusunu buraxdım. İkinci hissədə isə buna ehtiyac yox idi.

- Avropa çempionatında qazandığınız qələbə sizə UEFA Kubokunun “Dördlər finalı”nda yardım edəcəkmi?
- Sözsüz ki, bu yarışda təcrübə qazandıq. İstənilən məğlubiyyətdən nəticə çıxarmaq mümkündür. Lakin mən indi “Dördlər finalı”nı yox, yanvarın 30-da keçirəcəyimiz 3-cü yer uğrunda görüşü düşünürəm.

- Oyun yekunlaşdıqdan sonra analiz aparmaq üçün bir neçə dəqiqə vaxtınız oldu. Sizcə, hansı epizodlarda səhv buraxmısınız?
- Qarşılaşma zamanı səhvlər qaçılmazdır. Daha az səhvə yol verməkdən ötrü çoxlu məşqlər edirik. Lakin səhv etməyən komanda qol vurmur.

- Yığmamızın bürünc medal qazanmaq şansı nə dərəcədir?
- Üçüncü yer tutmağa şansımız var. Sadəcə, məğlubiyyət işimizi çətinləşdirir. Psixoloji hazırlıq üzərində işləməliyik. Bakıya medalla qayıtmaq istəyirik.
0