Mahir Şükürov: Omari Tetradze mənə heç bir irad bildirmədi
29.01.2010 - 15:13
Mahir Şükürov: Omari Tetradze mənə heç bir irad bildirmədi
“Mən Azərbaycan və Rusiya klublarının hazırlıq prosesində elə də ciddi fərq görmədim. Yeganə fərq futbolçuların fərdi ustalıq səviyyəsindədir. Futbolçular başa düşürlər ki, öz üzərlərində çalışmalıdırlar. Onlar müxtəlif məşq elementləri üzərində çalışır, hərə öz işi ilə məşğuldur”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiyanın “Anji” klubunun yeni transferi Mahir Şükürov deyib.

Qış fasiləsində Bakının “İnter” klubundan alınan milli komandamızın 28 yaşlı müdafiəçisi yeni baş məşqçisi Omari Tetradzedən razılığını ifadə edib: “Etiraf edim ki, onunla ilk söhbətim gözlədiyimdən yaxşı alındı. Fikirləşirdim ki, Tetradze yerli futbolçulardan iki dəfə yaxşı çıxış etməyimin vacibliyindən, məsuliyyətdən və legionerin komandadakı rolundan danışacaq. Ancaq bunların heç biri olmadı. Sadəcə, məsləhət gördü və dedi ki, daxili ab-havaya tezliklə uyğunlaşım. Çoxları onu qapılı, ünsiyyətcil olmayan insan saysa da, bunun belə olmadığını yerində başa düşdüm. O da digərləri kimi futbol adamıdır. Tetradze işinə peşəkar yanaşır, xarici futbolçuya qərib ölkədə nə hiss etdiyini, ona nə çatmadığı bilir. Axı o, karyerası ərzində müxtəlif şəhərlərdə olmağa imkan tapıb”.

Şükürov baş məşqçisinin ona hazırlıq səviyyəsi, oyun üslubu ilə bağlı heç bir irad bildirmədiyini söyləyib. Tetradzenin bir müddət istirahət verdiyi futbolçumuz ilk oyununu keçmiş komandasına qarşı keçirib: “Anji”də debütüm kifayət qədər maraqlı alındı. Heç vaxt fikirləşməzdim ki, vəziyyət belə alınacaq, yeni komandamda sabiq klubumla görüşdə debüt edəcəyəm. Xüsusi emosiyalarım yox idi, axı mən “İnter”lə pis ayrılmadım. Bizdə hər şey çox sivil qaydada idi. Üstəlik, paytaxt klubu bu transferimin gerçəkləşməsində fəal iştirak etdi. Oyuna qədər futbolçularla, məşqçilərlə görüşdüm. Hətta onlarla bir az zarafatlaşıb dedim ki, imkan daxilində çox qol vurmağa çalışacağam. Tetradze məni ikinci hissədə buraxdı, 45 dəqiqəyə isə özünü ən yaxşı tərəfdən göstərmək çətin idi. Həm də uzun müddətdir ciddi məşq etmirdim ki, bu da oyunda özünü göstərdi. Bununla belə, baş məşqçi ilə yanaşı, kənardakı azarkeşlər də mənə heç bir irad bildirmədi və yəqin ki, debütümü qənaətbəxş qiymətləndirmək olar”.

Mənbə: vesti.az
0