“Azərbaycan milli komandasına yenə 1:6 hesabı ilə uduza bilərik”
29.01.2010 - 16:40
“Azərbaycan milli komandasına yenə 1:6 hesabı ilə uduza bilərik”
“Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır. Ola bilsin ki, rəqibə yenə 1:6 hesabı ilə uduzduq”. Bunu apasport.az saytının Macarıstana ezam olunmuş xüsusi müxbiri ilə söhbətində Çexiya yığmasının futzalçısı Martin Dluhi deyib.

Macarıstanda keçirilən Avropa çempionatında 3-cü yer uğrunda görüşdə sabah Azərbaycan yığmasını sınağa çəkəcək çexiyalılar yarımfinalda ağır məğlubiyyətə düçar olublar. İspaniyaya 1:8 hesablı məğlubiyyətdə komandasının yeganə qoluna imza atan Dluhi səhv buraxdıqlarını söyləyib: “Biz əsasən əks-hücum taktikası seçmişdik. Lakin müdafiədə səhvlərimiz oldu və ispanlar tezliklə fərqləndilər. Bundan sonra ruhdan düşdüyümüzə görə, böyükhesablı məğlubiyyət yaşadıq”.

Çempionatda 3 qol vurmaqla komandasının ən məhsuldar üzvü olan 35 yaşlı futzalçı vurğulayıb ki, sabahkı qarşılaşma gərgin keçəcək: ”Biz çempionatda ilk oyunumuzu məhz Azərbaycana qarşı keçirmişdik .Ancaq qrup mərhələsindəki matçla bürünc medal uğrunda görüş bir-birindən çox fərqlənir. Bizi maraqlı və prinsipial qarşılaşma gözləyir”.

Qeyd edək ki, qrup mərhələsində yığmamız çexlər üzərində 6:1 hesablı qələbə qazanıb. Bürünc medal uğrunda oyun sabah Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
0