Çexiyalı futzalçı: Psixoloji zərbə almışıq
29.01.2010 - 23:49
Çexiyalı futzalçı: Psixoloji zərbə almışıq
“Hər iki komanda üçün 3-cü yer uğrunda görüş çətin olacaq. Çünki həm biz, həm də Azərbaycan yığması finalda oynamaq istəyirdik. Hətta Azərbaycanın finala çıxmaq üçün çox kiçik addımı qalmışdı”. Bunu apasport.az saytına açıqlamasında Çexiya futzal yığmasının üzvü David Frik deyib.

27 yaşlı futzalçı bildirib ki, Macarıstanda təşkil olunan Avropa çempionatı çərçivəsində sabah Azərbaycana qarşı keçiriləcək oyundan öncə ağır psixoloji zərbə alıblar: “Təbii ki, İspaniyaya 1:8 hesablı məğlubiyyət ağır psixoloji zərbədir. Düzdür, oyundan əvvəl əksəriyyət ispanların qələbəsini düşünürdü. Ancaq böyük hesabla uduzmağımız pis haldır. Sabahkı matç isə tam fərqli olacaq”.

Frikin fikrincə, qrup mərhələsində yığmamızın çexləri darmadağın etməsinə (6:1) baxmayaraq, şanslar bərabərdir: “İlk oyunun videoyazısına bir neçə dəfə baxmışıq. Mənə elə gəlir ki, həmin matçda Azərbaycan komandasının şansı 60/40-a idi. Yəni, hesab 6:4 və ya 6:5 olmalı idi. Bu dəfə isə şanslar bərabərdir. Həm də rəqibin əsas futzalçılarından sayılan Biro Jade cəzalı olduğundan, işimiz bir qədər asanlaşacaq”.

Qeyd edək ki, Debretsenin “Foniks” İdman Sarayında keçiriləcək Azərbaycan - Çexiya görüşünün start fiti sabah Bakı vaxtı ilə saat 21:00-da çalınacaq.
0