Musa Süleymanov istefa ərizəsində nə yazıb?
01.02.2010 - 12:10
Musa Süleymanov istefa ərizəsində nə yazıb?
Musa Süleymanovun Tovuzun “Turan” klubunun prezidenti postundan ayrılması üçün bir cümlə kifayət edib. Apasport.az saytı Süleymanovun istefa ərizəsini əldə etməyə müvəffəq olub. O, yanvarın 29-da imzaladığı ərizədə “Turan” Peşəkar Futbol Klubu (PFK) Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İdarə Heyətinə müraciət edib: “İşlərimin çox olması ilə əlaqədar “Turan” PFK MMC-nin prezidenti vəzifəsindən istefamı qəbul edəsiniz”.

Göründüyü kimi, Süleymanov qısa, lakonik müraciətlə kifayətlənib və qaydaya görə istefasının qəbul olunması ilə bağlı İdarə Heyətinə üz tutub. Bununla da, “Turan”ın tarixinə ən qısa müddətli prezidentlərdən biri kimi düşüb.

Qeyd edək ki, “Turan”ın prezident postuna mövsümlərarası fasilədə keçən Süleymanov fəaliyyəti heç bir il də çəkmədi. Tovuzlu iş adamı ötən ilin iyulunda həmsoyadı, Elçin Süleymanovun istefa verməsindən sonra klubun yeni rəhbəri seçilib. Müxtəlif vaxtlarda komandaya müəyyən köməklik edən Musa Süleymanov hazırda qərb bölgəsini əhatə edən “Simurq TV” televiziya kanalının sahibidir.
0