Kimlər gəldi, kimlər getdi...
01.02.2010 - 14:09
Kimlər gəldi, kimlər getdi...
“Kimlər gəldi, kimlər getdi, bu dünyadan, bu dünyadan”. Yəqin ki, korifey sənətkarımız Mirzə Babayevin uzun illər oxuduğu bu mahnını hamı yaxşı xatırlayır. Bu ifadəni Unibank Premyer Liqasının qış fasiləsinə də aid etmək olar. Təbii ki, söhbət futbolçularımızın milli çempionatda iştirakından, qış fasiləsində gedib-gələnlərdən gedir.

Unibank Premyer Liqasındakı 38 günlük qış fasiləsi komandaların işinə yaradı. Hər halda, qarşıdakı vacib oyunlar öncəsi klublarımızın həm ölkədən kənarda hazırlıq keçməsinə, həm də heyətinə əl gəzdirməyə imkan yarandı. Kimin bundan necə yararlanmasını isə artıq zaman göstərəcək. Düzdür, sabah fasilədən sonra ilk tur keçirilsə də, klubların transfer işlərini yekunlaşdırmaq üçün hələ bir neçə gün də vaxtı olacaq. Çünki “transfer pəncərəsi” hələ fevralın 4-də bağlanacaq və deməli, işləri tez-bazar bu gün başa çatdırmağa ehtiyac yoxdur.

Təbii ki, bizlər üçün əsas maraqlı məqamlardan biri heyətlərdəki dəyişiklərdir. Adətən qış fasilələrində baş məşqçi istefaları baş versə də, bu dəfə tam fərqli oldu. Premyer Liqanın 12 iştirakçısı indiki çalışdırıcıları ilə yoluna davam etməyə qərar verdi. Əvəzində futbolçularla bağlı dəyişiklər kifayət qədər oldu ki, bu da gözlənilən idi. Hər halda, klublar bunu etmək üçün məhz qış fasiləsini gözləyir və gedənlərlə-gələnlər bir-birlərini əvəz etdi.

Premyer Liqa milli komandamızın iki aparıcı futbolçusunu itirdi. Təbii ki, söhbət müdafiəçi Mahir Şükürovla hücumçu Vaqif Cavadovdan gedir. Hər iki futbolçu Premyer Liqanı daha güclü çempionata dəyişməyə qərar verdi. Mahir “İnter”dən Rusiya Premyer Liqasına qayıdan “Anji”yə keçdisə, Vaqif “Qarabağ”dan Hollandiyanın “Tvente” klubuna transfer olundu. Bununla da 21 yaşlı Cavadov Hollandiyanın yüksək liqasında oynayacaq ilk futbolçumuz kimi tarixə düşdü. Onlar karyeralarında bu önəmli qərarları verməklə, səviyyələrini artırmağı üstün tutdular. Düzdür, Şükürovla Cavadovun gedişi komandaları üçün itki, çempionluq uğrunda mübarizədə rəqibləri üçün üstünlük olsa da, bu keçidlərdə faydalı məqamlar da var. Hər halda, “İnter”lə “Qarabağ” aparıcı oyunçularının transferindən maddi baxımdan irəli düşdü ki, bu klublarımız üçün çox nadir hallarda baş verən olaydır.

Qış fasiləsi azərbaycanlı futbolçuların gedişi ilə yanaşı, qayıdışı ilə yadda qaldı. Misal üçün, uzun illər ölkə birinciliyinin iştirakçısı olan, hələ 18 yaşında ilk çempionatımızın gümüş medalını qazanan Kamal Quliyev geri döndü. Son yarım ildə klubsuz qalan 34 yaşlı yarımmüdafiəçi vaxtilə kapitanı olduğu “Standard”a qayıtdı. Fərq ondadır ki, milli komandamızın sabiq futbolçusu bu dəfə Bakını yox, onun doğma şəhəri olan Sumqayıtı təmsil edən komandada oynayacaq.

“Simurq”un heyətində ölkə daxili yarışlarda debüt edə bilməyən qapıçı Rauf Mehdiyev də 6 aydan sonra çempionatın iştirakçısı olacaq. Milli komandamızın 34 yaşlı qapıçısı Bakının “İnter” klubu ilə müqavilə imzaladı. “Karvan” isə bir ilə yaxındır futbolsuz qalan Zaur Ramazanov və Emin Quliyevə həyat verdi. Bir vaxtlar “Xəzər-Lənkəran”ın liderləri olan, karyeralarında çoxlu titullar qazanan təcrübəli futbolçular karyeralarını son pillədə gedən komandada davam etdirəcək.

Milli çempionatımızda çıxışını dayandıran legionerlərdən arasında ən böyük gediş kimi Denis Silvanı qeyd etmək olar. Son iki ildə “Xəzər-Lənkəran”da oynayan 25 yaşlı braziliyalı müdafiəçi karyerasını vətənində, özü də Braziliyalın yüksək liqasında çıxış edən “Barueri” klubunda davam etdirməyi üstün tutdu.

Bir sıra legionerlər isə müəyyən fasilədən sonra çempionatımıza qayıtdılar. Azərbaycanda 4 titul (iki çempionluq, bir kuboku, bir “Birlik kuboku”) qazanan Valeri Abramidze üç ildən sonra ölkəmizə gəldi. 2005-ci ilin yazında “Neftçi”yə gələn, ardından “Xəzər-Lənkəran”a keçən 30 yaşlı gürcü müdafiəçi növbəti titulunu qazanmağa çalışacaq. “Standard” isə rusiyalı və ukraynalı hücumçular – Vitali Balamestnı isə Vladimir Mazyarı çempionatımıza qaytardı. Balamestnı bir vaxtlar “Qəbələ”nin, Mazyar isə “Simurq”un lideri olub.

Artıq 5 ildir ölkəmizdə top qovan Georgi Adamiya “Neftçi” və “Bakı”da olduğu kimi, yenə qış fasiləsində başqa kluba keçdi. Azərbaycanda 3-cü klubu “Qarabağ” olan 29 yaşlı gürcü hücumçunun üzərinə böyük məsuliyyət düşür. Hər halda, Cavadovun yerinə alınan Adamiya onun yoxluğunu unutdurmalı, hücum xəttində boşluğu aradan qaldırmalıdır. Özü də Georgi ölkəmizdə ilk dəfə olaraq paytaxt yox, əyalət təmsilçisində oynayacaq.

Adamiyanın həmyerlisi, bir yerdə oynadığı Amiran Muciri “Bakı”dan gedəndən sonra karyerasını ölkəmizdə davam etdirməyə qərar verdi. 35 yaşlı yarımmüdafiəçi onu “Bakı”ya gətirən Böyükağa Hacıyevin rəhbərliyi altında “Standard”da oynayacaq. Həmin komandaya keçən Türkmənistan komandasının qapıçısı Pavel Xarçik isə ilk dövrəni “Karvan”da keçirib.

Qış fasiləsində transfer edilən legionerlər arasında yığma futbolçularının çoxluğu diqqət çəkdi. Bu isə Premyer Liqamızın səviyyəsini artırmasına kömək olmalıdır. Göründüyü kimi, klubların kəmiyyət yox, keyfiyyətə üstünlük verir və bu, təqdirəlayiqdir. “Xəzər-Lənkəran”ın aldığı müdafiəçilər - Elvin Beçiri (Albaniya) Tixon Şişov (Estoniya), “Neftçi”nin transfer etdiyi hücumçular Vladimir Voskoboynikov (Estoniya) Sergey Alekseyev (Moldova) indi də yığmalarına cəlb olunur.

Eyni sözləri “Bakı”nın son transferi olan Moldova milli komandasının hücumçusu Vyaçeslav Sofroniyə da aid etməliyik. Son ölkə çempionunun digər transferlərindən Adriano uzun illər Türkiyə Superliqasında oynayan, Venyo Portuqaliya yüksək liqasından gələn braziliyalıdır. “Den Boş” klubunun kapitanı olan hollandiyalı Adnan Bərəkət ölkəsinin yüksək liqasında oynamış futbolçudur. Türkiyəli Gürşad Duymuş 4-5 il öncə “Beşiktaş” “Trabzonspor” klublarında oynayıb. İndi onlar “Birlik kuboku”ndakı uğursuzluqdan sonra faydalı transfer olduqlarını ölkə daxilində göstərib, “Bakı”ya uğur qazandırmalıdırlar.

Mehman SÜLEYMANOV
0