Bernard Lippert: Azərbaycanda yaxşı məşqçilərin sayı azdır - MÜSAHİBƏ
01.02.2010 - 14:40
Bernard Lippert: Azərbaycanda yaxşı məşqçilərin sayı azdır - MÜSAHİBƏ
21 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandalarının baş məşqçisi Bernard Lippert Almaniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 47 yaşlı almaniyalı mütəxəssis ölkəmizdəki fəaliyyəti ilə başlı fikirlərini açıqlayıb.

- Artıq 2 ildir Azərbaycanın gənclərdən ibarət yığması ilə çalışırsınız. Qafqazdakı işləriniz necə gedir?
- Azərbaycanda çalışmaq çox maraqlıdır. Sevinirəm ki, ora getmək təklifini qəbul etmişəm.

- Azərbaycanlılarla necə ünsiyyət qurursunuz? Dili öyrənə bilmisiniz?
- Əgər bütün fikrimi danışana qulaq asmağa yönəltsəm, başa düşürəm. Yaşlı nəsil rus dilini də bilir, gənclər isə daha çox azərbaycanca danışır. Başa düşsəm də, tərcüməçinin xidmətindən yararlanıram.

- Azərbaycan yığması ilə müqavilənizin müddətini artırdınız. Buna səbəb nə oldu?
- Düşünürəm ki, hələ işimi bitirməmişəm. Lakin artıq işimin müsbət tərəfləri göz önündədir. İnfrastruktur yaradılıb, futbol məktəbləri yaradılıb. AFFA da məni dəstəkləyir. Bu işin bəhrəsini görməyə tələsmək düzgün olmazdı. Bunun üçün hələ 6-7 il vaxt lazımdır.

- İşinizdə də inkişaf hiss olunur?
- Əsas komanda FİFA reytinqində 136-cı yerdən 114-cü pilləyədək irəliləyib. Bu aşağı yaş qruplarında da yaxşı hiss olunur.

- Almaniya və Azərbaycan futbolu arasında fərq nə dərəcədə böyükdür?
- Fərq çox böyük, nəhəngdir. Lakin Azərbaycanda tərəqqi hiss olunur. Almaniyada həftəsonu 180 min futbolçu meydana çıxır. Azərbaycanda isə bu rəqəm hardasa 100 nəfər olar. Yaxşı məşqçilərin də sayı çox deyil. Amma bütün bu işlər qaydasına düşür. Mən ora gedəndə gənclər liqası yox idi. Artıq bu boşluq da aradan qaldırılıb.

- Millinin baş məşqçisi Berti Foqts və onun köməkçisi Olaf Yansenlə əməkdaşlığınız necə gedir?
- Təbii ki, biz fikir mübadiləsi aparırıq. Bəzən yollarımız ayrılır. Yəni hərəmiz bir ölkədə oluruq. Onda da telefonla əlaqə saxlayırıq. Artıq U-19-un 6 futbolçusu əsas komandaya cəlb olunur ki, bu da işimizin nəticəsidir.

- İşinizin maraqlı olmasına baxmayaraq, yenidən Almaniyada çalışmaq istəyirsiniz? Vətəndən təklif alsanız necə dəyərləndirərsiniz?
- Mənim hələ bir illik müqaviləm var. Təsəvvür edin ki, mən bir ildən sonra da anlaşmanı yeniləmək haqda düşünürəm.
0