Vaqif Cavadov yanıldı: “Tvente”yə faydalı olmağa 75 faiz hazıram
01.02.2010 - 15:02
Vaqif Cavadov yanıldı: “Tvente”yə faydalı olmağa 75 faiz hazıram
“Komandaya faydalılıq baxımından özümü 75 faiz hazır sayıram. Məqsədim isə son nəticədə əsas heyət oyunçusu olmaqdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov deyib.

Karyerasını Hollandiyanın “Tvente” klubunda davam etdirən 21 yaşlı hücumçu Enshede təmsilçisində hələ debüt etməməyini tam hazır olmaması ilə bağlı olduğunu düşünür. Vaqif Hollandiya mətbuatına açıqlamasında yaxın zamanda heyətə düşə biləcəyini bildirib: “Rusiyadan da təkliflər almışdım. Lakin “Tvente”ni seçdim. Çünki mən elə bir futbolçuyam ki, daim titul haqda düşünürəm”.

Vəli Qasımovun İspaniya və Portuqaliya kimi ölkələrdə oynadığını unudan Vaqif özünü ölkəmizin Avropadakı ilk təmsilçisi kimi qələmə verib: “Azərbaycan güləşi və şahmatı dünya səviyyəsində böyük uğurlar qazanıb. Lakin buna baxmayaraq, ölkəmizdə bir nömrəli idman növü futboldur. Mən də fəxr edirəm ki, 1990-cı ildə əldə olunan müstəqillikdən sonra Qərbi Avropada oynayacaq ilk azərbaycanlıyam. “Tvente” mənim Avropada ilk addımımdır”.

Qeyd edək ki, bu il yanvarın əvvəlində “Tvente” ilə müqavilə bağlayan Cavadov ötən həftə düşərgəsinə yollandığı komandada hələ debüt etməyib.
0