Berti Foqtsun xələfi qovulur
01.02.2010 - 15:11
Berti Foqtsun xələfi qovulur
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun xələfi qovulur. Apasport.az saytının məlumatına görə, 63 yaşlı alman mütəxəssisi Nigeriya yığmasında əvəzləyən Şaybu Amodu istefaya göndərilir.

Belə qərar çıxaran Nigeriya Futbol Federasiyası cümə günü keçirəcəyi iclasında bunu rəsmiləşdirəcək. Qurumun rəhbərliyini milli komandanın dünən başa çatan Afrika Millətlər Kubokunda çıxışı qane etməyib. Həmin turnirdə yarımfinalda Qanaya uduzan nigeriyalılar ardından 3-cü yer uğrunda oyunda Əlcəzairi yenərək, bürünc medala sahib çıxıb.

Nigeriya bu ilin yayında Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatının final mərhələsinə çıxıb. Maraqlıdır ki, Amodu ikinci dəfədir mundiala az qalmış eyni aqibətlə üzləşir. Nigeriyalı çalışdırıcı 2002-ci ildə dünya çempionatının final mərhələsindən də az öncə vəzifəsindən azad olunmuşdu. Həmin vaxt da istefaya səbəb yığmanın Afrika Millətlər Kubokunda uğursuz çıxış göstərilmişdi. Amodunu əcnəbi mütəxəssis əvəzləyəcək.

Qeyd edək ki, Foqts da 2008-ci ilin əvvəlində məhz Afrika Millətlər Kubokunda uğursuz çıxışdan sonra istefaya göndərilmişdi. O, həmin ilin aprelin əvvəlində milli komandamıza baş məşqçi təyin olunur.
0