“Rəşad Sadıqovdan çox eşitsəm də, haqqında danışmaq istəmirəm”
01.02.2010 - 17:28
“Rəşad Sadıqovdan çox eşitsəm də, haqqında danışmaq istəmirəm”
“Neftçi” ilə yanaşı, digər klublardan da təklif almışdım. Lakin bütün variantlara baxmayaraq, Bakı təmsilçisinə üstünlük verdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun yeni transferi Vladimir Voskoboynikov deyib.

Əvvəllər də flaqmanın düşərgəsinə gələn, lakin məxsus olduğu Moskva “Torpedo”sunun yüksək məbləğdə transfer haqqı tələb etdiyi üçün keçidi baş tutmayan estoniyalı futbolçu karyerasını Azərbaycanda davam etdirəcəyindən məmnundur. O, “Neftçi”nin yeni transferlərinin təqdimat mərasimində vaxtilə komandanın kapitanı Rəşad Sadıqovun daşıdığı 14 nömrəli formanı geyəcəyinə də aydınlıq gətirib: “İki həftə baxışda oldum. Lakin əmin idim ki, komandada qalacağam və mənimlə müqavilə bağlanacaq. Bu səbəbdən digər təkliflərə müsbət cavab vermədim. Azərbaycan futbolu deyəndə, yada “Neftçi” düşür. Digər klublar məndən inciməsin, mənim üçün əsas “Neftçi”dir. Həm də bu komandada mənim dostlarım, həmyerlilərim Dmitri Kruqlovla Taavi Rahn çıxış edir. Rəşad Sadıqov haqda çox eşitmişəm. Bilirəm ki, yığmanın kapitanıdır və çox yaxşı oyunçudur. Lakin onun “Neftçi”də 14 nömrəli forma ilə oynadığını bilmirdim. Artıq qarşıdakı turda onunla meydanda qarşılaşacağımla bağlı isə danışmaq istəmirəm”.