Abramidze: Ona güzəştə getməyəcəyəm
01.02.2010 - 18:32
Abramidze: Ona güzəştə getməyəcəyəm
“Azərbaycandan getdikdən sonra geri qayıtmaqla bağlı konkret təkliflər almamışdım. Transfer müddətində “ola bilər” kimi söhbətlər çox olur. Danışıqlar olsa da, ortada konkret bir şey yox idi. Bu təklif olan kimi böyük məmnuniyyətlə razılaşdım”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun qış fasiləsində transfer etdiyi Valeri Abramidze deyib.

2005-ci ilin yazında “Neftçi”yə gələn, ölkə çempionluğu, “Birlik kuboku”, bürünc medal qazandıqdan sonra “Xəzər-Lənkəran”a keçən 30 yaşlı müdafiəçi orada bir mövsümə “qızıl dubl” etdi. Bundan sonra Rusiya aşağı divizionuna qayıdan Abramidze iki il yarımlıq fasilədən sonra Azərbaycana qayıtdı: “İndiki Azərbaycan çempionatının səviyyəsini Rusiyanın aşağı divizionu ilə müqayisə edə bilmərəm. Çünki yeni gəlmişəm və hazırkı çempionatın səviyyəsini görəndən sonra müqayisə aparmaq olar. Əlbəttə, əvvəllər Rusiya çempionatında mübarizə sərt, dinamik idi. Elə mən oynadığım müddətdə də Azərbaycanda çempionat ağır idi. Kənardan olan futbolçu belə düşünə bilər ki, “Azərbaycan çempionatıdır da, oynaya bilərəm”. Ancaq əslində, belə deyil. Burada oynamaq çox çətindir”.

Ölkəmizdə Ağasəlim Mircavadovun rəhbərliyi altında çalışan Valeri bu dəfə “Neftçi”də Vaqif Sadıqovla işləyəcək: “İndiki vəziyyətdə ilk məqsədimiz “altllığ”a düşməkdir. Bunu reallaşdırdan sonra mükafatlar uğrunda mübarizəmizi davam etdirəcəyik. Mövsümün sonunda çempion ola bilməsək, minimum avrokuboklara düşməliyik. Komandamızın bütün üzvləri mövsümün həlledici mərhələsinə ciddi hazırlaşır. Kim güclüdürsə, o heyətdə yer almalı, daha hazırlıqlı olan meydana çıxmalıdır. Rəqabətdən çəkinmirəm, buna hazıram”.

“Neftçi”də ilk olaraq 6, daha sonra 4 nömrəli formanı daşıyan Abramidze bu dəfə 44-ə üstünlük verib: “Hazırda Neftçi”də 4 nömrəsi boş olmadığım üçün 44-ü götürdüm. Bu, sevdiyim, düşərli nömrə olduğum üçün onu seçdim. Formama gəlincə, əvvəl “Lotto”dan geyirdimsə, indi “Adidas”ı daşıyıram”.

“Neftçi”də vaxtilə Georgi Abramidze ilə bir yerdə oynayan Valeri Unibank Premyer Liqasının növbəti turunda fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda ona rəqib olacaq. Gürcü “Qarabağ”a keçən həmyerlisi, dostuna güzəştə getmək fikrinə deyil: “Adamiya ilə görüş öncəsi nə zarafat edəsən ki? Bu, həyatdır, indi elə alınıb ki, hərəmiz bir klubun şərəfini qoruyuruq. Buna qədər Azərbaycanda Adamiyaya qarşı oynamışam. Bu, “Xəzər-Lənkəran”da oynadığım dövrdə olub. Biz həyatda dostuq, ancaq meydanda rəqibik. Meydana bir-birimizə heç bir güzəşt etməyəcəyik”.