Qızıl məndə, bürünc səndə!
03.02.2010 - 00:00
Qızıl məndə, bürünc səndə!
Unibank Premyer Liqasının XVIII turu çərçivəsində “Xəzər-Lənkəran” – “Standard” oyunu köhnə tanışları görüşdürəcək. Apasport.az saytının məlumatına görə, komandaların baş məşqçiləri Ağasəlim Mircavadovla Böyükağa Hacıyev üç ildən sonra bu gün yenidən rəqib olacaqlar.

“Ağa”ların qarşıdurması hələ başqa komandaları çalışdırdığı vaxtda diqqət mərkəzində idi. Belə ki, 2005/06 mövsümündə Hacıyev “Bakı”nın, Mircavadov isə “Neftçi”nin baş məşqçi olduğu zaman çempionluq uğrunda mübarizə aparırdılar. Onların mövsümün sonuna yaxın Respublika stadionunda görüşü çempionluğun taleyini böyük ölçüdə həll etdi. Braziliyalı hücumçu Leandro Qomeşin vurduğu qol “Bakı”ya vacib qələbə (1:0) qazandırdı. Bununla sona 8 tur qalmış komandanın sükanı arxasına keçən Hacıyev çempionluq yolunda böyük addım atdı. Mircavadovlu “Neftçi” isə çempionluqdan əliniz üzərək, nəticədə bürünc medalla kifayətləndi.

Növbəti mövsümdə (2006/07) də ssenari eyni olsa da, ifaçılar dəyişdi. Bu dəfə Mircavadov qızıl, həmkarı bürünc medala sahib çıxdı. Hacıyev “Bakı”nın baş məşqçisi kimi fəaliyyətini davam etdirirdisə, təcrübəli həmkarı artıq “Xəzər-Lənkəran”ın sükanı arxasında idi. “Ağa”lar həmin mövsüm ölkə kuboku da daxil olmaqla, 4 dəfə görüşdülər. Lənkəranlılar ilk dövrənin əvvəlində evdə qazandığı 1:0 hesablı qələbə ilə Hacıyevin uğurlu seriyasını qırdılar. Belə ki, onun komandasının 11 oyunluq məğlubiyyətsiz və “quru” seriyası sona çatdı. Bununla, 63 yaşlı Mircavadov həmkarından ötən mövsümkü məğlubiyyətin əvəzini çıxdı. Düzdür, Hacıyev ikinci dövrədə “Xəzər-Lənkəran”dan (0:0) vacib 2 xal alıb, az qala onu çempionluq yolunda büdrədəcəkdi. Ancaq Mircavadovun komandası sonradan liderliyi qaytarmaqla, çempion oldu.

“Bakı” ilə “Xəzər-Lənkəran” ölkə kubokunun 1/4 finalında münasibətlərini ayırd etdi. Lənkəranlılar mərhələ keçmək vəzifəsini səfərdə qazandıqları qələbə (2:0) ilə yerinə yetirdi. “Bakı”nın cavab görüşündə 1:0 hesablı qələbəsi iki oyunun nəticəsinə görə qalib olmaq üçün yetərli deyildi. Ancaq hər halda, “Xəzər-Lənkəran”ın doğma stadionunda ilk məğlub edən məhz Hacıyevli “Bakı” oldu. Lənkəranlılar çempionluq kimi kuboku da qazanıb, həmin mövsümü “qızıl dubl”la başa vurdu. Hacıyev 2007/08 mövsümün əvvəlində “Bakı” ilə yollarını ayırdığı üçün Mircavadovun komandası ilə növbəti dueli baş tutmadı. Ardından Mircavadov da “Xəzər-Lənkəran”dan gedərək, onun kimi işsiz qalan mütəxəssislər sırasında yer aldı. Ancaq cari mövsüm bu maraqlı personaları yenidən bir-birinə rəqib etdi. Mircavadov ötən yay “Xəzər-Lənkəran”ın sükanı arxasına qayıtdısa, Hacıyev hələ ilk dövrədə istefaya göndərilən litvalı həmkarı Valdas İvanauskası əvəzlədi. Ancaq 52 yaşlı çalışdırıcı Mircavadovdan fərqli, indi tam başqa vəzifəni yerinə yetirir. Hacıyev daha medallar yox, güclülər dəstəsində qalmaq uğrunda mübarizə aparır. “Standard”ın rəhbərliyi onun qarşısında bu vəzifəni qoyub və ölkə kubokunun 1/4 finalına da çıxan Hacıyev komandaya cari mövsümdə ilk qələbələri qazandırıb.