Torres bakılıların qəniminə çevrilir
02.02.2010 - 15:58
Torres bakılıların qəniminə çevrilir
“Qəbələ” klubunun futbolçusu Kristian Torres bakılıların qəniminə çevrilib. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının XVIII turunun “Olimpik-Şüvəlan”la bu gün keçirilən oyununda iki qola imza atan 25 yaşlı hücumçu paytaxt komandaları üçün arzuolunmaz futbolçudur.

“Şəfa” stadionunda dubl etməklə Azərbaycanda vurduğu qolların ümumi sayını ikiqat artıran argentinalı bütün qollarını Bakı təmsilçiləri ilə görüşlərdə vurub. “Qəbələ”də ilk qolunu da “Şəfa”da vuran Torres ötən il sentyabrın 26-da “İnter”i məyus etmişdi. Rəqibin bərabərlik qolundan dərhal sonra fərqlənən Kristian hesabı 2:1-ə çatdırsa da, komandası qələbəni qoruya bilməyərək, 2 top buraxdı. Bundan 25 gün sonra doğma meydanda “Neftçi”ni qəbul edən qəbələlilərə də qələbəni məhz argentinalı qazandırmışdı – 1:0. Həmin qoldan sonra 104 gün rəqib qapılarına yol tapa bilməyən cənubi amerikalı bu gün “Olimpik-Şüvəlan”ı “qurbanlar”ı siyahısına daxil etdi. Hələlik paytaxt klublarından yalnız “Bakı” Torresin qoluna üzülməyib.

Qeyd edək ki, Torres hazırda Premyer Liqada çıxış edən yeganə argentinalıdır. Məşhur Lionel Messinin Azərbaycanda çıxış etmiş digər həmyerliləri isə artıq ölkəmizi tərk edib.