“Araz Abdullayev “Rubin”in əvəzedici komandasına çağırılıb” – MÜSAHİBƏ
02.02.2010 - 16:55
“Araz Abdullayev “Rubin”in əvəzedici komandasına çağırılıb” – MÜSAHİBƏ
Rusiyanın “Rubin” futbol klubunun idman direktoru Muhsin Muhamadiyevin Lent.az-a eksklüziv müsahibəsi

- “Neftçi” klubunun və Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevə rəsmi təklif göndərməyiniz doğrudur?
- Bəli.

- Onun oyununu nə vaxt izləmisiniz?
- Araz Abdullayev bizə futbol agentləri vasitəsilə təklif olunub. Onlar Azərbaycanda belə bir perspektivli oyunçunun olduğunu dedilər. Biz də futbolçunuzu baxışa çağırmaq qərarına gəldik.

- Abdullayev komandanızın düşərgəsinə nə vaxt gələcək?
- Yəqin ki, 3-4 günə. Hazırda onun 19 yaşlılardan ibarət yığmanızla birgə təlim-məşq toplantısında olduğundan xəbərdaram.

- Əsas komandaya baxışa çağırmısınız?
- Xeyr. Əvəzedicilərdən ibarət komandamızda sınaqdan çıxaracağıq. Əsas heyət isə hazırda İspaniyada təlim-məşq toplantısındadır.

- Bəyəniləcəyi təqdirdə, Abdullayevlə hansı şərtlərlə müqavilə bağlamaq fikrindəsiniz?
- Hələlik bu haqda danışmaq tezdir. İzləyərik, sonra qərar verərik.

- Sonradan onun əsas komandaya cəlb edilməsi mümkündürmü?
- Bəli, mümkündür. Bu, futbolçunun özündən asılı olacaq.

- Baş məşqçi Qurban Berdıyevin Araz Abdullayevin “Rubin”ə baxışa gələcəyindən xəbəri var?
- Əlbəttə.

- Futbol agentləri belə bir futbolçunun olduğunu məhz Berdıyevə deyiblər?
- Bəli. Baş məşqçimiz də Abdullayevin klubumuzun bazasına baxışa çağırılmasını məqsədəuyğun saydı.

- Azərbaycanda maraqlandığınız başqa futbolçular var?
- Xeyr. Hələlik Araz Abdullayevdən başqa maraqlandığımız azərbaycanlı futbolçu yoxdur.

- Yığmamızın futbolçusu Vaqif Cavadovun bu yaxınlarda Hollandiyanın “Tvente” klubu ilə müqavilə bağladığından xəbəriniz var?
- Xeyr. Bunu bilmirdim.

- Ümumiyyətlə, Azərbaycan futbolu haqda nə deyə bilərsiniz?
- Futbolunuz inkişafdadır. Yaxşı sərmayə qoyulur, komandalarınıza bacarıqlı məşqçilər cəlb olunur, perspektivli futbolçularınız var. İnanırıq ki, bir müddət sonra Azərbaycan futbolda çox ciddi və inkişaf edən ölkəyə çevriləcək.

- Azərbaycan millisinin Rusiya ilə keçirdiyi 2010-cu il dünya çempionatının seçmə qrup matçlarını izləmisiniz?
- Bəli. Yığmanız haqda normal, yaxşı təəssüratlarım oldu. Azərbaycan millisi Bakıda layiqli mübarizə apararaq, 1:1 hesablı heç-heçəyə nail oldu. Xüsusən, 7 nömrəli futbolçunuzu qeyd edərdim. Adını xatırlamıram, amma yaxşı çıxış edərək, qol da vurdu.

- Həmin futbolçu Vaqif Cavadovdur. “Tvente”yə keçən də məhz odur.
- Doğrudan? Ona yeni klubunda uğurlar arzulayıram.

- Vaxtilə Tacikistanın “Pamir” komandasının heyətində futbolçu kimi “Neftçi”yə qarşı çıxış etmisiniz. Həmin vaxtkı “Neftçi” ilə hazırkı Azərbaycan yığmasını müqayisə edə bilərdiniz?
- “Neftçi” daha güclü idi.