Rauf Mehdiyev: “Karvan” özünə görə yaxşı komandadır
02.02.2010 - 18:02
Rauf Mehdiyev: “Karvan” özünə görə yaxşı komandadır
Azərbaycan yığmasının qapıçısı Rauf Mehdiyev Bakının “İnter” klubunu tərk edib. Bu haqda apasport.az saytına futbolçunun özü məlumat verib. 34 yaşlı qapıçı bildirib ki, karyerasını Yevlaxın “Karvan” klubunda davam etdirəcək.

“Karvan”a keçidim bu gün rəsmiləşib. Bu komanda məni heyətində görmək istəyirdi. Ancaq “İnter”lə Türkiyədə təlim-məşq toplanışında olduğumdan danışıqlar Bakıya qayıdandan sonraya qalmışdı. Vətənə dönəndən sonra keçidim bu gün həll olundu. “İnter” əla komandadır. Ancaq karyeramı “Karvan”da davam etdirməyi daha üstün tutdum. “Karvan” özünə görə yaxşı komandadır. İndi autsayderdirsə, sabah turnir cədvəlində yuxarı yerdə ola bilər. Qış fasiləsində bir sıra təcrübəli futbolçularla güclənən Yevlax təmsilçisi yaxşı potensiala malikdir. Belə komandaya keçidi özüm üçün problem saymıram” – deyə Mehdiyev bildirib.

Qapıçı yeni komandasında icarə əsasında oynamayacağını bildirib: “Mən bu komandaya birdəfəlik keçdim. “İnter”lə danışdım və onlar məni sərbəst buraxmağa razılıq verdilər. “Karvan”la cari mövsümün sonuna qədər anlaşmışam. “İnter”də məndən başqa 4 qapıçı var idi. Düzdür, braziliyalı Junior Vilson zədəli olduğu üçün hazırlıq prosesindən kənarda qalmışdı. Türkiyədə təlim-məşq toplanışında mənimlə bərabər gürcü Georgi Lomaya ilə yığmamızın qapıçısı Səlahət Ağayev idi”.