“Neftçi”yə sapı özündən olan balta
02.02.2010 - 18:23
“Neftçi”yə sapı özündən olan balta
Unibank Premyer Liqasının XVIII turu çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” - “Qarabağ” derbisi sabiqləri üz-üzə gətirəcək. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın 13 üzvü vaxtilə “ağ-qara” formanı geyib. Bunlardan 9-u futbolçular - qapıçı Fərhad Vəliyev, müdafiəçilər Rəşad Sadıqov, Aftandil Hacıyev, Elnur Allahverdiyev, yarımmüdafiəçilər Aslan Kərimov, Rəşad Sadiqov, Namiq Yusifov, hücumçular Georgi Adamiya ilə Tural İsgəndərovdur. Onlardan 4-ü “Neftçi”nin alman sabiq baş məşqçisi Hans-Yurgen Gedenin islahatlarının qurbanı olub. Belə ki, Gede il yarım öncə Sadıqov, Allahverdiyev, Sadiqov və Adamiyanı komandadan çıxarmışdı. Vəliyev, Hacıyev, Yusifov və İsgəndərov heyətə düşə bilmədiklərinə görə “Neftçi”dən gediblər. Uzun illərdir “Qarabağ”da oynayan, 37 yaşlı kapitan Kərimov flaqmanda qısa müddətli karyerası zamanı əsas heyət üzvü olub.

Digər 4 sabiq isə “Qarabağ”ın məşqçilər korpusunda yer alanlardır. Bunlar baş məşqçi Qurban Qurbanov və onun köməkçiləri Müşfiq Hüseynov, Elçin Rəhmanov və qapıçılarla işləyən Elxan Həsənovdur. 38 yaşlı Qurbanov vaxtilə kapitanı olduğu “Neftçi”nin hücumçusu kimi “qızıl dubl” edib. O, məşqçi qismində debütünü bu komandada edib və elə ilk mövsümdə gümüş medal qazanıb. Maraqlıdır ki, yuxarıda adını çəkdiyimiz 9 futbolçudan 8-i həmin vaxt “Neftçi”də Qurbanovun rəhbərliyi altında oynayıb. İstisna təşkil edən Kərimov onunla vaxtilə bir yerdə oynayıb, indi isə futbolçusudur.

Hüseynov hücumçusu olduğu “Neftçi”nin heyətində gümüş medal qazanmaqla yanaşı, avrokuboklarda da qol vurub. Karyerasının böyük hissəsini “Neftçi”də keçirən 31 yaşlı Rəhmanov yaşıl meydanda çıxışını tez başa vurub və məşqçi kimi “Qarabağ”da debüt edib. 43 yaşlı Həsənov isə futbolçu karyerasını ötən il bitirərək, məşqçi kimi indiki komandasında fəaliyyətə başlayıb. O, hazırlaşdırdığı, milli komandamızın qapıçısı olan Vəliyevlə elə “Neftçi”də bir yerdə oynayıb. Həmin vaxt elə də tanınmayan Fərhad təcrübəli həmkarının əvəzləyicisi idi.

“Neftçi”nin heyətində isə sabiq yalnız Arif Əsədovdur. Komandanın 40 yaşlı məşqçisi iki müxtəlif dövrdə Ağdam klubunda oynayıb. Əsədov hətta komanda “Qarabağ-Azərsun” adlanan dövrdə kapitan sarğısını da daşıyıb.