Mahirin Rusiya birinciliyində qol vurub-vurmayacağı şimal qonşularımızı da maraqlandırır. İndiyə kimi qonşu ölkədə ən çox rəqib qapısına yol tapan ən yaxşı legionerimiz Nazim Süleymanovdur. 1995-ci ildə Vladiqafqazın “Alaniya” klubunun heyətində ölkə çempionluğunu qazanan veteran hücumçu uzun illər Rusiyada ən çox qol vuran əcnəbi futbolçu idi. Süleymanovun 50 qol həddini braziliyalı hücumçu Vaqner Lav Moskva MOİK-ində çıxış edən zaman keçdi.
Əslində, 9 qol vuran futbolçumuzdan 3-ü milliləşərək, Azərbaycan vətəndaşlığını daşıyanlardır. Söhbət dağıstanlı Narvik Sırxayev, çeçen Deni Qaysumov və serb Branimir Subaşiçdən gedir. Milliyətcə rus olan Lev Mayorovla Vyaçeslav Lıçkin isə ölkəmizdə anadan olanlardır. 9 azərbaycanlıdan yalnız Subaşiç hazırda da oynayır, qalanları isə futbolçu karyerasını bitirib. 2005-ci ilin yayında ölkəmizə gələn Branimir Permin “Amkar” klubundan “Neftçi”yə transfer olundu. Mahir “Anji”də qol hesabını açsa, milli komandamızda və “Neftçi”də bir yerdə oynadığı Subaşiçə çatacaq.
Branimirin Rusiya Premyer Liqasında ən az oyun keçirən (6) futbolçumuz olduğunu nəzərə alsaq, Şükürovun onu bu göstəricidə qabaqlayacağı real görünür.
Rusiya Premyer Liqasında qol vuran azərbaycanlı futbolçular
Futbolçu | Klublar | Oyun | Qol |
1. Nazim Süleymanov (hücumçu, 1965) | “Alaniya” (1992 - 1996), “Jemçujina” (1997, 1998) | 150 | 50 |
2. Narvik Sırxayev (yarımmüdafiəçi, 1974, Rusiya) | “Anji” (2000, 2001), “Lokomotiv” (2002, 2003, 2004), “Terek” (2005) | 129 | 29 |
3. Vəli Qasımov (hücumçu, 1968) | “Spartak” (1992), “Dinamo” (1992) | 23 | 16 |
4. Lev Mayorov (1969, yarımmüdafiəçi) | “Çernomorets” (1995 - 2001, 2003) | 207 | 13 |
5. Vyaçeslav Lıçkin (1973, yarımmüdafiəçi) | “Dinamo” (Stavropol, 1992), “Tümen” (1998) | 14 | 4 |
6. Qurban Qurbanov (1972, hücumçu) | “Fakel” (2000, 2001) | 25 | 2 |
7. Deni Qaysumov (1968, müdafiəçi, Rusiya) | MOİK (1995, 1997), “Terek” (2005) | 51 | 2 |
8. Branimir Subaşiç (1982, hücumçu, Serbiya) | “Amkar” (2005) | 6 | 1 |
9. Arif Əsədov (1970, müdafiəçi) | “Spartak” (Vladiqafqaz, 1994), “Tümen” (1998) | 45 | 1 |