Laşenkov: Prezident bəlkə də acığından belə danışıb-MÜSAHİBƏ
04.02.2010 - 00:04
Laşenkov: Prezident bəlkə də acığından belə danışıb-MÜSAHİBƏ
“Olimpik-Şüvəlan” klubunun moldovalı futbolçusu Sergey Laşenkovun apasport.az saytına müsahibəsi

- Ukraynanın “Karpatı” klubunda çıxış etdiyiniz zaman “Metallist”ə 0:4 hesabı ilə uduzduğunuz oyunu satdığınız iddia olunur. Ukrayna saytları bu haqda yazırlar...
- Buna ciddi yanaşmıram. Çünki həmin yazılarda dəqiq bir şey göstərilməyib. Yəni, oyun satan futbolçu kimi yüz faiz mənim adım hallanmır.

- Hər halda, əsas şübhəli futbolçu məhz siz sayılırsınız...
- Bu ona görə belədir ki, həmin oyunda qırmızı vərəqə alıb, avtoqol etmişəm.

- Bundan əlavə, ilk qolda səhv buraxdığınız deyilir...
- İnsanlar həmişə belə xoşagəlməz şeylərdən danışırlar. Bu, ağlasığmaz bir şeydir. Nə istəsən, danışmaq olar. Əsas sübut etməkdir. Ona qalsa, elə Azərbaycanda da, cari mövsümdə “Xəzər-Lənkəran”la oyun öncəsi belə şeylərdən danışırdılar. Deyirdilər ki, guya oyunu verməliyik. Ən çox da mənim adım hallanırdı. Ancaq bunun tam əksi oldu. “Xəzər-Lənkəran”a 1:0 hesabı ilə gələrək, deyilənlərin boş şey olduğunu sübuta yetirdik.

- Hər halda, futbolçunun adını danışılmış oyun ətrafında hallanması heç də yaxşı deyil...
- Əlbəttə. Kiminsə haqqında belə şeylər deyiləndə, yazılanda pis olur.

- Bəs özünüzü müdafiə etmək istəmirsiniz?
- Buna ehtiyac görmürəm. Kiminsə qarşısında özümə haqq qazandırmağa lüzum yoxdur. Heç bilmirəm bunu kim yazıb? Belə olan halda, özümü niyə müdafiə etməliyəm? Əgər insan özünü təmizə çıxarmağa başlayırsa, deməli, nəsə günahı var. Mən bunu mənasız sayıram.

- Ukrayna Futbol Federasiyasının prezidenti Surkis İcraiyyə Komitəsinin iclasında bəyan edib ki, əlində futbolçunun oyun satması barədə etiraf olan videokasset var. Ukrayna mətbuatı həmin kadrlarda sizin olduğunuzu iddia edir...
- Açığı, bu vəziyyətdə nə etmək olduğunu bilmirəm.

- Belə bir iddia da var ki, klubunuzun prezidenti Pyotr Dıminski həmin görüşdən sonra futbolçularla ciddi söhbət edib və bu zaman məhz siz oyunu satdığınız etiraf etmisiniz. Orada deyilib ki, qapıçı və ehtiyat oyunçular istisna olmaqla, hər futbolçuya oyunu satmağın müqabilində 10 min dollar verilib...
- Bu necə ola bilər? Əgər hətta belə şey olubsa, oyunu elə məbləğə necə vermək olar? Axı bu, real deyil. Başa düşmürəm, oyun satdığımı haradan çıxarıblar?

- Artıq il yarımdır Ukraynanı tərk edib, Azərbaycanda oynasanız da, adınızın oyun satan kimi hallanması sizə ağır zərbədir. Bu, elə ölkəmizdəki gələcək karyeranızda da problem yarada bilər...
- Ona qalsa, “Xəzər-Lənkəran”la oyun öncəsi ünvanıma deyilənlər də mənə ziyan vura bilərdi. Ancaq oyuna baxanlar deyilənlərin yalan olduğunu, meydanda necə mübarizə apardığımı gördülər. Belə xoşagəlməz sözlərə qarşı mübarizə aparmaq faydasızdır. Belə vəziyyətdə nəsə etmək real deyil.

- Ümumiyyətlə, Dıminski ilə münasibətləriniz necə olub? Ondan belə xoşagəlməz sözlər gözləyirdiniz?
- Onunla fikir ayrılığım olub. Qorxurdular ki, mən hansısa açıqlama verə, klub haqda müəyyən şeyləri danışa bilərəm. Nə isə, Dıminski ilə münasibətlərim yaxşı deyildi. Klub prezidenti mənim barəmdə acığından deyib, ya yox bunu bilmirəm.

- O, sizi oyundan sonra nədə ittiham etdi?
- Prezident oyuna baxdığını və belə fikir səsləndirdi: Belə düşünürəm ki, sən və adını çəkməyəcəyim bir neçə futbolçu oyunu satmısınız. Dıminskiyə cavabımda “siz prezidentsiniz, bu sizin hüqunuzdur” dedim. Söhbət belə olub, vəssalam.

- Ümumiyyətlə, Ukraynada danışılmış oyunlar olub?
- Var, özü də çox.

- Bəs siz danışılmış oyunlarda iştirak etməmisiniz?
- Yox, yalnız belə oyunlar haqda eşitmişəm.

- Bəs Azərbaycanda danışılmış oyunlar var?
- İki ilə yaxındır burada oynasam da, bu haqda bir dəfə eşitməmişəm. Bəlkə də var, ancaq bunun bizim kluba aidiyyatı yoxdur. Mən başqa klubların yox, “Olimpik-Şüvəlan”ın adından danışa bilərəm.

- Futbolçu ilk növbədə öz vicdanı qarşısında cavabdehdir. Sizcə, oyunu satan futbolçuya hansı cəza verilməlidir?
- Başa düşürsünüz, biz ilk növbədə Allah qarşısında cavabdehik və hamı öz hərəkətinə görə Allah qarşısında hesabat verir. Əgər günahın, pis işdə əlin varsa, bu, nə vaxtsa üzə çıxacaq.