Mahir Şükürov: 1, 2, 3, 4...
04.02.2010 - 09:37
Mahir Şükürov: 1, 2, 3, 4...
Azərbaycan milli komandasının müdafiəçisi Mahir Şükürov Rusiyanın “Anji” klubunun heyətində 4-cü oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçumuz Macarıstanın “Vaşaş” klubu ilə Türkiyənin Antalya şəhərində keçirilən yoxlama matçında əsas heyətdə meydana çıxıb.

“Anji”nin gürcü baş məşqçisi Omari Tetradze qolsuz heç-heçə ilə nəticələnən görüşün hər hissəsində bir heyət buraxıb. Buna görə də Mahir fasilədən dərhal sonra əvəzlənib. Şükürov ötən ay transfer olunduğu Mahaçqala klubunda debütünü keçmiş komandası “İnter”lə yoxlama oyununda (0:2) 46-cı dəqiqədə meydana daxil olmaqla etmişdi. O, Ukraynanın “Obolon” (0:1) və Rumıniyanın “Qaz Metan” (1:1) klubları ilə matçlarda isə əsas heyətdə yer alıb və 46-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Türkiyədə digər komandamız “Qarabağ”a da uduzan (0:1) “Anji” Mahir gələnədək də hazırlıq oyunlarında qələbə üzünə həsrət qalıb. Rusiya Premyer Liqa təmsilçisi növbəti yoxlama görüşünü sabah Özbəkistanın ən titullu komandası “Paxtakor”a qarşı keçirəcək. Daşkənd klubu son sınaq matçını Şahin Diniyevin məşqçisi olduğu Qroznının “Terek” klubu ilə keçirib. “Paxtakor” Rusiya Premyer Liqa təmsilçisini Antalyada məğlub edə bilməyib - 2:2.