“Korona”, “Salernitana” və “Anji” klublarının futbolçuları “İnter”də
04.02.2010 - 11:51
“Korona”, “Salernitana” və “Anji” klublarının futbolçuları “İnter”də
Bakının “İnter” klubu üç yeni futbolçu alıb. Bu haqda apasport.az saytına komandanın prezidenti Georgi Nikolov məlumat verib. Onun sözlərinə görə, transfer etdikləri legionerlərdən ikisi müdafiəçi, biri yarımmüdafiəçidir.

“24 yaşlı Paulis Paknis litvalıdır. Müdafiənin sağ cinahında çıxış edir. Mahir Şükürovun “Anji”yə gedişindən sonra bizə bu mövqeyə futbolçu lazım idi. O, komandamıza Polşanın yüksək liqasında mübarizə aparan “Korona” klubundan gəlib. Digər transferimiz 26 yaşlı Filip Maşado da cinah müdafiəçidir, sol cinahda oynayır. İtaliyanın B seriyasında çıxış edən “Salernitana” klubunun futbolçusu olub. Azad agent kimi gəldiyindən keçidinə görə əlavə xərcə düşməmişik. Filip braziliyalı olsa da, İtaliya vətəndaşlığını da daşıyır. Rusiyanın “Anji” klubundan gələn 24 yaşlı Georgi Navalovski isə yarımmüdafiəçidir. Gürcüstan milli komandasının da üzvü olan bu gənc futbolçu bizə məsləhət olundu” – deyə Nikolov bildirib.

Paytaxt təmsilçisi qış fasiləsində yeni oyunçuları olan bu üçlüyün keçidini “transfer pəncərəsi”nin bağlanması ərəfəsində həll edib. Nikolov bildirib ki, yeni legionerlərlə müqavilələr yarım illikdir: “Paknis və Maşadonu artıq sifariş etmişik. İştirak ərizəmizdə olan bu legionerlərlə mövsüm bitəndən sonra müqavilələrin müddəti uzadılması mümkündür. Georgi isə bizə icarəyə verilib. Bu ilin iyuluna kimi onun xidmətindən istifadə edə bilərik. Navalovskinin transferi ilə bağlı Rusiyadan sənəd elə indicə mənə təqdim olunub. “Transfer pəncərəsi” bu gün bağlanır. İş gününün sonuna kimi vaxtımız var və Navalovskinin də sifarişini çatdıracağıq”.

Qeyd edək ki, Navalovski 2008-ci ildə Rusiyaya gələnə kimi vətənində “Dinamo” (Tiflis), “Olimpi” (Rustavi) klublarında oynayıb. O, “Anji”nin heyətində Rusiya çempionatının birinci divizionunda iki mövsümdə 40 oyun keçirib. Maşado ölkəmizdə oynayan ikinci italiyalı olacaq. Onun “İnter”də komanda yoldaşı, həmyerlisi olan qapıçı Raymondo Vilson da İtaliya vətəndaşlığını daşıyır. Paknisin gəlişindən sonra “İnter”də litvalı futbolçuların sayı 2-yə çatdı. Onun həmyerlisi olan təcrübəli hücumçu Robertas Poşkus cari mövsümdən ölkəmizdə oynayır.