Rəşad Sadıqov: 9 il əvvəl və sonra
04.02.2010 - 12:30
Rəşad Sadıqov: 9 il əvvəl və sonra
Unibank Premyer Liqasının XVIII turu Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov üçün əlamətdar oldu. Apasport.az saytının hesablamalarına görə, cari mövsümdən “Qarabağ”da forma geyinən 28 yaşlı müdafiəçi 9 ildən, daha dəqiq desək, 3251 gündən sonra “Neftçi”yə qarşı oynadı. Dünən Respublika stadionunda qolsuz bərabərliklə nəticələnən qarşılaşmada 90 dəqiqə meydanda olan müdafiəçi buna qədər “Neftçi”yə qarşı yeganə görüşünü 2001-ci ilin martın 11-də “Turan”ın heyətində keçirmişdi.

Gəncəli hakim Məhəmməd Məmmədovun Tovuzda idarə etdiyi həmin matçda da 90 dəqiqə oynayan Sadıqov sarı vərəqə almışdı. Qarşılaşmanın 2:1 hesabı ilə qonaqların qələbəsi ilə nəticələndiyini nəzərə alsaq, Rəşad “Neftçi”yə qarşı görüşlərdə meydanı qalib tərk etməyib.

2001-ci ilin yayında məhz “Turan”dan “Neftçi”yə keçən Sadıqov bu komandada fasilələrlə 7 il forma geyinib. Karyerasında bütün titulları (ölkə çempionluğu, ölkə kuboku, “Birlik kuboku”), medalları (qızılla yanaşı, gümüş və bürünc) və mükafatı (ilin ən yaxşı futbolçusu) məhz “ağ-qaralar”ın heyətində qazanıb. 2002-ci ildə milli çempionat AFFA və klublar arasındakı qalmaqalla bağlı dayandığı zaman İrana üz tutan müdafiəçi icarəyə verildiyi birinci liqa klubu “Fulad”da 18 oyun keçirib.

2003-cü ildə “Neftçi”yə qayıdan Sadıqov 2005-ci ilin yayında yenidən ölkə kənarına çıxır. Bu dəfə Türkiyəyə üz tutan futbolçu Superliqada çıxış edən “Kayserispor”da (10 oyun) bir ilə yaxın forma geyinərək, İntertoto kubokunda iştirak edir. 2006-cı ildə “Neftçi”yə dönən Rəşad bu komanda ilə yollarını birdəfəlik ayırandan sonra yenidən Türkiyə Superliqasına qayıdır. Bu, 2008-ci ilin sonunda “ağ-qaralar”ın alman sabiq baş məşqçisi Hans-Yurgen Gedenin apardıcı islahatlar nəticəsində oldu.

Əvəzedici komandaya göndərilən müdafiəçi qış “transfer pəncərəsi”nin son günündə “Kocaelispor”a (10 oyun) transfer olunur. Bu komanda mövsümün yekuna əsasən birinci liqa düşdüyündən Rəşad anlaşmanı uzatmayıb, yenidən Vətənə dönür. Amma karyerasında ilk dəfə “Neftçi”yə yox, “Qarabağ”a.

Göründüyü kimi, Sadıqov xaricdən adətən öz doğma komandasına qayıtsa da, ötən yay belə olmadı. Müdafiəçi yaxşı tanıdığı, uzun illər bir yerdə oynadığı Qurban Qurbanovun baş məşqçisi olduğu “Qarabağ”a yollandı. Hər halda, onun “Neftçi”dən gedişinin hansı şəraitdə baş verdiyini nəzərə alsaq, dönüşü real görünmürdü. Əslində, Rəşadın “Neftçi”yə qarşı cari mövsümün ilk dövrəsində Ağdamda oynamaq imkanı var idi. Sadəcə, həmin vaxt müdafiəçi zədəli olduğu üçün heç milli komandaya da çağırılmırdı.

Qeyd edək ki, Rəşad “Neftçi”yə qarşı ilk oyununda rəqib komandanın baş məşqçisi Oqtay Abdullayev idi. Bu dəfə isə yaxşı tanıdığı, həmsoyadı Vaqif Sadıqova rəqib oldu.